00:00:00
Yazar
Admin User
19.11.2025 18:39 145 2 dəq oxuma
Sosial

Repetitora ehtiyac nədən yaranır?

Repetitora ehtiyac nədən yaranır?

Son illərdə repetitorluq Azərbaycanda təhsil sisteminin ayrılmaz hissəsinə çevrilib. Demək olar ki, hər bir abituriyent ali məktəbə qəbul üçün fərdi hazırlığa üz tutur. Lakin cəmiyyətdə geniş müzakirə olunan bir məsələ də var: repetitorluqla məşğul olan şəxslərin əksəriyyətinin heç pedaqoji təhsili və müəllimlik ixtisası yoxdur. Bu isə təhsilin keyfiyyəti, repetitorların peşəkarlığı və bu sahənin nə dərəcədə tənzimlənməli olması suallarını gündəmə gətirir. Məhz buna görə biz bu mövzu ilə bağlı abituriyent, məktəb müəllimi və repetitorun fikirlərini öyrənərək ictimai rəyi araşdırmağa çalışdıq.

 

Mövzu ilə bağlı "İnformator.az"saytı araşdırma aparıb. Abituriyent, müəllim və təhsil eksperti fikirlərini bildiriblər.

 

Abituriyent Faiq Nəzərov açıqlamasında bildirir ki, ümumi təhsil səviyyəsini bilmədən məzmun haqqında danışmaq doğru deyil:

 

"Təhsil olduqdan sonra nəticə təbii ki, olmalıdı, baxır nəticənin yüksəkliyinə və ya zəifliyinə və bu zəifliyi və ya yüksəkliyi görmədən məzmun haqda dərin fikirlər bildirmək məsləhət deyil".

 

Riyaziyyat müəllimi Nail Məmmədov açıqlamasında bildirir ki, repetitora olan ehtiyac məktəbdə vaxt azlığı, şagird çoxluğundan əmələ gəlir:

 

"Pedaqoji təhsili olmayan şəxslərin repetitorluq etməsi təhsil sahəsinə mənfi təsir göstərir. Birinci səbəb budur ki, həmin şəxslər öyrətmə metodunu bilməyə bilərlər və şagird psixologiyasından xəbərləri olmaya bilər. Qeyri-pedaqoji ixtisası bitirib, müəllimlik edən şəxslərin şagird psixologiyasını bilməmə ehtimalı var. İndiki şəraitdə repetitorun təhsilə birbaşa təsir etməsinin bir çox səbəbləri var. Bunlardan biri ümumi orta məktəblərin siniflərində şagirdlərin çox olmasıdır. Söhbət 45 dəqiqə ərzində pedaqoqun 30 uşağa nəsə öyrətməyindən gedirsə, keyfiyyət ola bilməz. Ortalama hesablasaq, burada bir şagirdə 1 dəqiqə 20 saniyə çatır. Nəzərə alaq ki, jurnal yazmaq, davamiyyəti yoxlamaq, qiymətləndirmə aparmaq kifayət qədər vaxt aparır. Əlbəttə ki, burada bəzi şagirdlər kölgədə qalır. Bu da təhsildə keyfiyyətə birbaşa olaraq təsir edir".

 

Təhsil eksperti Qoşqar Məhərrəmov isə açıqlamasında bildirir ki, yalnız 10–11-ci siniflərin proqramı imtahanda soruşulsa, repetitora ehtiyac azalar:

 

"Repetitorluğun geniş yayılmasının əsas səbəblərindən biri imtahan sisteminin məktəb sistemi ilə uyğunsuzluğudur. Nə qədər Dövlət İmtahan Mərkəzi desə ki, biz məktəb proqramına uyğun imtahan tərtib edirik, lakin bu öz əsasını tapmır. Burada 2 məsələ var: ya məktəb kurikulumunda problem var, ya da imtahan sistemində problem var. Bu məsələni isə araşdırmaq lazımdır. 5-ci sinifdən 11-ci sinifə qədər olan dərslər imtahanda soruşulur. Oxumayan şagird 10-cu sinifdə imtahana hazırlaşanda görür ki, bilmədiyi nə qədər şey var. Ona görə 5-ci sinifə qayıtmalıdır. Amma elə bir şansı yoxdur. Bu səbəbdən repetitora ehtiyacı olur. Məktəb müəllimləri proqramı çatdırsın, yoxsa 5-ci sinifdən olan mövzuları təkrarlatsın? Onun da imkanı yoxdur. Məktəblərimizdə təhsil sistemi düzəltməklə repetitor aradan qalxmaz. Repetitorluğun aradan qalxması üçün sadəcə 10–11-ci siniflərin dərs proqramı soruşulmalıdır".

 

Ayisə Şərifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər