Repetitorluq təhsildə boşluqları doldurur, yoxsa dərinləşdirir?
Son illərdə gənclər arasında repetitor dərslərinə maraq artıb. Bəziləri bunu təhsil boşluqlarını doldurmaq üçün faydalı hesab edir, bəziləri isə repetitorluğun təhsildəki əsas problemləri dərinləşdirdiyini düşünür. Bəs həqiqətən repetitorluq şagirdlər üçün dəstəkdir, yoxsa əksinə?
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirib ki, bəzən valideynlər düşünür ki, repetitorluq təhsildəki boşluqları doldura bilər, amma o, təbii ki, əsas təhsil sistemini əvəz edə bilməz:
"Problem repetitorluğun özündə deyil, onun məcburi ehtiyaca çevrilməsindədir. Əgər məktəb təhsili keyfiyyətli və şagirdyönümlü olsa, repetitorluq sadəcə əlavə dəstək rolunu oynayar, əsas dayağa çevrilməz. Repetitor dərslərinin şagirdlərin dərslərə marağına təsiri birbaşa deyil, daha çox necə təşkil olunmasından və şagirdin motivasiyasından asılıdır. Şagird başa düşmədiyi mövzunu repetitorla öyrəndikdə dərsə qarşı marağı artır. Məktəbdəki gündəlik qiymətlərin,summativ və sınaq imtahanlarındakı nəticələrin yüksəlməsi və istədiyi nəticəni görmək şagirdi daha həvəsləndirir.Repetitor şagirdin səviyyəsinə uyğun izah verdiyi üçün dərs daha cəlbedici olur. Bununla yanaşı məktəbdən sonra əlavə dərslər şagirdi bezdirə bilər. Yaxud şagird “onsuz bu mövzunu repetitor da izah edəcək” düşüncəsi ilə məktəbdə dərslərə qarşı marağı azala da bilər. Həmçinin valideyn təzyiqi ilə gedilən repetitor dərsi marağı azala bilər. Repetitor dərsləri düzgün və balanslı olduqda marağı artırır, həddindən artıq və məqsədsiz olduqda isə azalda bilər. Əsas məsələ repetitorluğun şagirdin öyrənmə istəyini gücləndirməsidir, onu zəiflətməsi yox. Repetitorluq təkcə dərs mövzularını öyrətməklə kifayətlənməməli, eyni zamanda şagirdin üzləşdiyi problemlərin həllinə də kömək etməlidir. Çünki valideyn üçün repetitoru “uşağa dərs başa salan,öyərədən” kimi qiymətləndirir. Aydın məsələdir ki,yalnız dərs öyrətmək kifayət etməyə bilər. Mövzunun mexaniki izahı qısamüddətli nəticə verir. Şagird formulları və qaydaları əzbərləyə bilər, amma tətbiq etməkdə çətinlik çəkə bilər. Problemləri həll etməyə yönəlmiş repetitorluq şagirdin zəif tərəflərini müəyyən edir və harada və niyə çətinlik olduğunu tapır və həmçinin öyrənmə bacarığı daformalaşdırır. Şagirdə necə oxumağı, plan qurmağı öyrədir. Bundan başqa psixoloji dəstək verir və qorxu, stress, özünəinam problemlərinin azalmasına kömək edir. Ən effektiv repetitorluq modeli dərsi öyrətməklə yanaşı problemləri həll edən yanaşmadır. Repetitor şagird üçün sadəcə “mövzu izah edən” yox, yol göstərən və inkişaf etdirən bir dəstək olmalıdır".
Gövhər Mehyəddinova
