Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-90, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-50, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnformator-a verilən məlumata görə, yağan yağışlar nəticəsində son iki gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 33 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 626 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 372 m3/s olmaqla ongünlük normanın 52 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 24 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 207 m3/s olmaqla, ongünlük normanın 105 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 141 m3/s təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.
Mayın 04-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 34, Salyanda 18, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 315 sm (2014-cü il mayın 04-də 328 sm), Şirvanda 171 sm (2014-cü il mayın 04-də 185 sm), Salyanda 135 sm (2014-cü il mayın 04-də 118 sm), Bankədə 173 sm (2014-cü il mayın 04-də 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 45 sm (2014-cü il mayın 04-də 72 sm) təşkil edir.
