Riyaziyyat təhsili və öyrənmə üsulları
Riyaziyyat yalnız ədədlər və düsturlardan ibarət deyil o, düşüncə tərzini formalaşdıran, analitik bacarıqları inkişaf etdirən və problemləri həll etməyi öyrədən bir elm sahəsidir. Müasir təhsil sistemində riyaziyyatın öyrənilməsi uşaqlardan başlayaraq gənclərin və yetkinlərin həyatında vacib rol oynayır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında riyaziyyat müəllimi Şəbnəm Hacıyeva bildirib ki, Riyaziyyat təhsili uşaqların və gənclərin hərtərəfli inkişafında bir neçə əsas rolu oynayır:
"Riyaziyyat məsələləri, uşaqları səbəb-nəticə əlaqələrini görməyə, məlumatları təhlil etməyə və ardıcıl addımlarla həll yolları qurmağa məcbur edir. Bu, onların gündəlik həyat problemlərinə rasional yanaşmasını təmin edir. Riyaziyyat öyrədir ki, hər hansı bir problemi kiçik, idarəolunan hissələrə ayırmaq və hər hissəni ayrı-ayrılıqda həll etmək mümkündür. Bu bacarıqlar gələcək karyeralarında və şəxsi həyatlarında böyük əhəmiyyət kəsb edir. Şagirdlər riyaziyyatda bir həll yolunun düzgünlüyünü yoxlamağı, fərqli həll variantlarını müqayisə etməyi və əsaslandırmağı öyrənirlər. Riyazi məsələlərin həlli dərin diqqət və uzun müddət konsentrasiya tələb edir, bu da ümumi akademik fəaliyyətə müsbət təsir göstərir. Texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrinin əsası riyaziyyatdır. Güclü riyaziyyat bilikləri gənclərin bu yüksək tələbatlı sahələrdə uğur qazanması üçün qapıları açır. Riyaziyyata qarşı mənfi münasibətin əsas səbəbləri çox vaxt mücərrədlik, uğursuzluq qorxusu və mövzunun faydasız görünməsidir".
Həmçinin mövzu ilə bağlı şagird Mehyəddinova Nilufər bildirib ki, riyaziyyat elə bir fəndir ki, bəzən çətin olsa da, əslində beynimizi gücləndirir və düşünmə tərzimizi inkşaf elətdirir:
"Hər dəfə yeni bir mövzu öyrəndikdə sanki bir tapmacanın cavabını tapmış kimi oluruq. Düzdür, bəzən məsələni anlamaq çox vaxtımı alır amma sonda nəyəsə nail olduğumu hisd edə bilirəm. Açığı riyaziyyat həm mənə maraqlı gəlir, həm də bəzən çətin olur. Elə mövzular var ki, asan başa düşürəm hətta həll etməkdən zövq alıram. Amma bəzi mövzular var ki, fikirləşməli oluram bəzən çaşdığım anlar olur. Yenədə öyrənirəm, maraqlı gəlir. Məni ən çox maraqlandıran mövzular məsələ həlli və məntiqi tapşırıqlardır. Çünki insan düşünür, özünü sınamağa imkan tapır. Həmçinin qrafiklər, faiz, nisbət kimi mövzular olur. Çünki gündəlik həyatımızda bizə kömək olur".
Gövhər Mehyəddinova
