00:00:00
Yazar
Güllər Gülhüseynova
15.07.2026 19:09 32 3 dəq oxuma
Siyasət

Romada İsrail və Livan arasında danışıqlar raundunun ilk günü başa çatıb

Romada İsrail və Livan arasında danışıqlar raundunun ilk günü başa çatıb

Romada İsrail və Livan arasında danışıqlar raundunun ilk günü başa çatıb.

 

Bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

 

Telekanal ilk günün yekunlarını hələlik təqdim etməyib, çərçivə sazişinin icrası ilə bağlı danışıqların davam etdiriləcəyi gözlənilir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Livanla İsrail arasında ciddi problemlərin olduğu mübahisəsizdir. Çünki İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Livanın suverenliyi pozulub:

 

“Ölkənin yaşayış məntəqələri, şəhərləri, kəndləri, hətta paytaxtı belə İsrailin zərbələri nəticəsində dağıntılara məruz qalıb. Belə bir şəraitdə Livanla İsrail arasında qarşılıqlı etimaddan danışmaq mümkün deyil. Bunu da əlavə etmək lazımdır ki, münaqişənin əsas tərəflərindən biri olan “Hizbullah” danışıqlardan kənarda saxlanılır. Livan və İsrail öz aralarında apardıqları danışıqlarda “Hizbullah”ı tərəf kimi qəbul etmədən onun taleyi ilə bağlı qərarlar verməyə çalışırlar. Livan hazırkı şəraitdə İsraillə hərbi qarşıdurmaya getmək istəmir. Lakin onun üçün ərazi bütövlüyünün və suverenliyinin pozulması, eləcə də ərazisində xarici hərbi qüvvələrin mövcudluğu qəbulolunan vəziyyət deyil. Eyni zamanda Livan bu vəziyyətdə “Hizbullah” kimi silahlı təşkilatın zərərsizləşdirilməsi məsuliyyətinin Livan ordusunun üzərinə qoyulmasından da narazıdır. Bu isə faktiki olaraq İsraillə qarşıdurmanın Livanda vətəndaş müharibəsinə çevrilməsi riskini artıra bilər. Buna görə də Livan-İsrail danışıqlarının harada keçirilməsi o qədər də önəmli deyil. Əsas məsələ həmin danışıqlarda müzakirə ediləcək mövzuların dəqiq müəyyənləşdirilməsi və onların real nəticə verə biləcək məzmun daşımasıdır. Bundan əvvəl ABŞ-də danışıqlar aparıldı və müəyyən razılaşmalar əldə olundu. Hazırda isə növbəti görüşlər Romada keçirilir:

 

Aydın Quliyev həmçinin bunu da qeyd edib ki, ABŞ-də əldə edilmiş razılaşmaların icrası istiqamətində indiyədək ciddi addımlar atılmayıb:

 

“İran həmin razılaşmaları məqbul hesab etmir. “Hizbullah” da prosesdə özünü tərəf kimi görmədiyi üçün bu razılaşmaları qəbul etmək istəmir. İsrail və ABŞ Livandakı prosesləri İranla münasibətlər kontekstindən ayırmağa çalışırlar, İran isə bununla razılaşmır. Bu baxımdan danışıqların hansı şəhərdə keçirilməsindən daha çox, hansı məsələlərin müzakirə olunacağı əhəmiyyət daşıyır. Əgər danışıqların gündəliyi dəqiq müəyyənləşdirilərsə və problemin əsas səbəbləri müzakirə mövzusu olarsa, müəyyən irəliləyişə ümid etmək mümkündür. Əks halda, yalnız məkanın dəyişməsi nəticəyə təsir göstərməyəcək. Hamıya məlumdur ki, Livanda yaranmış vəziyyət İsrail-Fələstin münaqişəsinin davamı və ya uzantılarından biridir. İsrail-Fələstin və İsrail-İran arasında davam edən gərginlik Livana da təsir göstərir. Yəməndə baş verən hadisələr də eyni geosiyasi proseslərin tərkib hissəsidir. Hətta Türkiyə ilə İsrail arasında münasibətlərin gərginləşməsinin əsas səbəblərindən biri də Fələstin məsələsidir. Ona görə də əsas məsələ danışıqların harada keçirilməsi deyil, hansı mövzular ətrafında aparılmasıdır. Təəssüf ki, beynəlxalq siyasətdə əsas söz sahibi olan qüvvələr hələ də məsələyə bu kontekstdən yanaşmırlar. Onlar hesab edirlər ki, Livanı, “Hizbullah”ı və İranı müxtəlif təzyiq vasitələri ilə müəyyən razılaşmaları qəbul etməyə məcbur etmək mümkündür. Lakin Yaxın Şərqdə mövcud problemlərin köklü səbəbləri aradan qaldırılmadıqca nə İran-İsrail, nə İsrail-Livan, nə İsrail-Fələstin, nə də İsrail-Yəmən münasibətlərində ciddi irəliləyiş gözləmək real görünmür”.

 

Güllər Gülhüseynova

#İran #İsrail #ABŞ #Şərq #Hizbullah #Livan #siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər