Rəqəmsal əkiz texnologiyası
Rəqəmsal əkiz texnologiyası sənaye və şəhərsalma sahələrində inqilabi dəyişikliklər yaradır. Bu texnologiya fiziki obyektlərin virtual surətini yaradaraq, onların real vaxt rejimində izlənməsi və idarə olunmasına imkan verir. Rəqəmsal əkizlər sayəsində məhsuldarlıq artır, xərclər azalır və qərarvermə prosesləri daha səmərəli olur. Azərbaycanın da bu sahədə marağı artmaqda, müxtəlif layihələrdə rəqəmsal əkiz texnologiyasının tətbiqi genişlənməkdədir.
Mövzu ilə bağlı IT mütəxəssisi Elvin Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, hansısa avadanlığın rəqəmsal əkizi varsa, onun nə vaxt sıradan çıxacağını əvvəlcədən bilmək olur:
“Rəqəmsal əkiz texnologiyası əslində real obyektin — yəni bir fabrikin avadanlığı, bir binanın konstruksiyası, hətta bütöv bir şəhərin virtual kopyasıdır. Bu virtual model sayəsində prosesləri əvvəlcədən sınaqdan keçirmək, nasazlıqları proqnozlaşdırmaq və daha düzgün qərarlar vermək mümkün olur. Ona görə də bu texnologiya ən böyük transformasiyanı sənaye, energetika, nəqliyyat və şəhər idarəçiliyi kimi sahələrdə yaradacaq. Məsələn, bir zavod avadanlığının rəqəmsal əkizi varsa, onun nə vaxt sıradan çıxacağını əvvəlcədən bilmək olur. Şəhərlərdə isə tıxacların necə formalaşacağını və hansı həllin daha effektiv olduğunu rəqəmsal mühitdə sınaqdan keçirmək mümkündür. Amma burada təhlükəsizlik tərəfi də çox vacibdir. Rəqəmsal əkizlər real obyektlərlə birbaşa bağlı olduğu üçün, əgər bu sistemə kiberhücum edilərsə, nəticəsi real həyatda problem yarada bilər. Yəni, bir fabrikin rəqəmsal modeli ələ keçirilərsə, onun real avadanlıqlarında da pozuntu yaratmaq mümkündür. Şəhər və nəqliyyat sistemlərində bu risk daha da ciddidir, çünki kritik infrastruktur kiberhücumlara açıq hala gələ bilər. Bu riskləri azaltmağın yolu çox sadədir, amma ardıcıl icra tələb edir. Birincisi, rəqəmsal əkizlə bağlı bütün məlumatlar mütləq şəkildə şifrələnməlidir. İkincisi, sistemlərə giriş yalnız çoxmərhələli identifikasiya ilə təmin olunmalıdır. Üçüncüsü, real və virtual sistemlər bir-birinə tam bağlı olmamalıdır ki, hücum baş verəndə zərər minimum olsun. Ən önəmlisi isə bu sistemlər mütəmadi olaraq test edilməli və təhlükəsizlik boşluqları vaxtında aradan qaldırılmalıdır".
Aydan Əsgərxanlı
