00:00:00
Yazar
Admin User
13.01.2026 13:00 109 2 dəq oxuma
Sosial

Rəqəmsal ödəniş imkanları genişləndirilib

Rəqəmsal ödəniş imkanları genişləndirilib

Yeni qərara əsasən, “biletim.az” portalından onlayn bilet alan sərnişinlər “Apple Pay” və “Google Pay”dən istifadə edərək ödəniş edə biləcək.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında kibertəhlükəsizlik üzrə ekspert, AYM-nin IT/Kommunikasiyalar və Kibertəhlükəsizlik Departamentinin rəhbəri Əmrah Mövsümzadə bildirib ki, onlayn bilet sisteminə, yəni Apple Pay və ya Google Pay kimi rəqəmsal ödəniş platformalarının inteqrasiyası həm texniki, həm də təhlükəsizlik baxımından bir sıra mühüm dəyişikliklər tələb edir:

 

“İlk növbədə, mövcud ödəniş infrastrukturu bu platformaların təqdim etdiyi API-larla uyğunlaşdırılmalı, server tərəfdə sertifikatlaşdırılma, token əsaslı ödəniş axınları və real vaxtlı əməliyyat yoxlamaları təmin edilməlidir. Sistem PCI DSS tələblərinə uyğun şəkildə yenidən qurulmalıdır. Təhlükəsizlik baxımından Apple Pay və Google Pay kimi platformaların əsas üstünlüyü ondan ibarətdir ki, sərnişinin real bank kartı məlumatları nə satıcıya, nə də ödəniş sistemi operatoruna ötürülmür. Kart məlumatları əvəzinə unikal və birdəfəlik tokenlərdən istifadə olunur. Məlumatların ötürülməsi zamanı güclü şifrələmə mexanizmləri, yəni TLS, SSL, cihaz səviyyəsində biometrik autentifikasiya - Face ID, Touch ID, barmaq izi və s. risk əsaslı əməliyyat nəzarəti tətbiq edilir. Bu yanaşma kart məlumatlarının oğurlanması və sızdırılması riskini əhəmiyyətli dərəcədə azaldır”.

 

Müsahib həmçinin qeyd edib ki, sistemlərdən istifadə zamanı sərnişinlərin qarşılaşa biləcəyi müəyyən çətinliklər də mövcuddur:

 

“Köhnə mobil cihazlarda Apple Pay və Google Pay-in dəstəklənməməsi, bank kartının rəqəmsal cüzdana əlavə olunmasında bank məhdudiyyətləri, internet bağlantısının zəif olduğu hallarda ödəniş prosesinin gecikməsi kimi texniki problemlər yarana bilər. Ümumilikdə, Apple Pay və Google Pay-in onlayn bilet sisteminə inteqrasiyası həm təhlükəsizlik səviyyəsini yüksəldir, həm də istifadəçi təcrübəsini daha sürətli və rahat edir”.

 

Zəhra Həsənova

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər