Rəsmi Bakı Rusiyaya etiraz edəcək
Rusiyanın 5-ci kanal adlanan televiziya kanalında efirə gedən verilişdə 20 yanvar faciəsi və Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyəti təhrif edilib". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı diplomatik nümayəndəlikləri tərəfindən məsələ ilə əlaqədar kanalın rəhbərliyinə Azərbaycan tərəfinin narazılığı bildiriləcək və Rusiyanın müvafiq dövlət qurumlarına müraciət ediləcək.
H.Hacıyev qeyd edib ki, verilişin müəllifi Azərbaycan Respublikasının icazəsi olmadan işğal olunmuş Azərbaycan ərazilərinə səfər edərək, Azərbaycan Respublikasının "Dövlət sərhədi haqqında" Qanununu pozub: "Televiziya kanalının redaksiyası və jurnalist bu kimi qərəzli verilişi hazırlayarkən Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə, işğal və təcavüz hallarını təşviq etdiyinə və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hisslərinə hörmətsiz rəftarına görə heç olmasa daşıdığı mənəvi və insanı məsuliyyətini dərk etməlidir".
TREND
