"Rəsulzadə bu günün və sabahın publisistidir"
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
31 yanvar 1884-cü ildə Bakıda doğulan Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına rəhbərlik edib. Onun “Bir kərə yüksələn bayraq bir daha enməz” kəlamı dövlətçilik tariximizdə xüsusi yer tutur.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, filologiya elmləri doktoru, əməkdar jurnalist Qərənfil Dünyaminqızı bildirib ki, o, bu gün Məhəmməd Əmin Rəsulzadə haqqında jurnalist, publisist və tədqiqatçı alim kimi danışmaq istəyir:
"Çünki Məhəmməd Əmin Rəsulzadə təkcə öz dövrünün deyil, həm də bu günün və sabahın çox istedadlı publisist və jurnalistlərindən biri olub. Məhəmməd Əmin Rəsulzadə yaradıcılığa çox gənc yaşlarında gəlib. O, ilk dəfə “Şərqi-Rus” qəzetində mətbu fəaliyyətə başlayıb və 1903-cü ildən 1920-ci ilin aprel işğalına qədər Azərbaycanda fəaliyyət göstərən bir çox mətbu orqanlarda - “Şərqi-Rus”, “Yoldaş”, “Dəvət-Qoç” və s. qəzetlərdə çıxış edib.
Baxmayaraq ki, “Şərqi-Rus”dan başqa “Yoldaş”, “Dəvət-Qoç”, “Qudok” kimi qəzetlər bolşevik yönümlü idi, Məhəmməd Əmin Rəsulzadə gənclik illərində daha çox bu qəzetlərdə yazılarla çıxış edib. Sonralar ideya baxımından bolşeviklərdən və partiyadan ayrılaraq ölkədə nəşr olunan “İqbal”, “Azərbaycan”, “İstiqlal”, “Açıq söz”, “Yeni İqbal”, “Dirilik” və digər qəzet və jurnallarla əməkdaşlıq edib.
Məhəmməd Əmin Rəsulzadəni istedadlı jurnalist edən təkcə onun mətbuatda mütəmadi çıxış etməsi deyil. Onu istedadlı yazar, jurnalist və publisist edən əsas amil qaldırdığı mövzuların bu gün də aktuallığını qoruması və gələcəkdə də aktual qalacaq mövzular olmasıdır. Məsələn, ana dili, milli məsələ və mətbuat azadlığı ilə bağlı yazıları buna nümunədir.
Mətbuat azadlığı mövzusuna nəzər salsaq görərik ki, Məhəmməd Əmin Rəsulzadənin 1911-ci ildə İranda “İrani-Növ” qəzetində “Mətbuat azadlığı” adlı məqaləsi silsilə şəklində çap olunub. Bu məqalə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə əsaslanaraq yazılıb və bu gün də, sabah da aktuallığını qoruyacaq. Eləcə də “Bizə tənqid lazımdır” adlı məqaləsində o, ədəbiyyatımıza, mətbuatımıza və ümumiyyətlə cəmiyyətimizə sağlam, düşündürücü tənqidə hər zaman ehtiyac olduğunu vurğulayır. Çünki sağlam tənqid cəmiyyəti düşünməyə vadar edir və sağlam islahatlara aparır.
1920-ci ilin aprel işğalına qədər Məhəmməd Əmin Rəsulzadə Azərbaycanda çap olunan mətbu orqanlarla sıx əməkdaşlıq edib, bəzən bir gündə bir neçə mətbuat orqanında müxtəlif janrlarda yazıları dərc olunub. O, mətbuata şeirlə gəlsə də, 1913-cü ildən sonra daha çox publisistikaya, xüsusilə siyasi publisistikaya üstünlük verib. Məsələn, onun “Dirilik” jurnalında dərc olunan “Milli birlik və milli dirilik” adlı məqaləsi ideya-siyasi baxımdan bir romandan belə üstün fikirlər ehtiva edir. Bu kiçikhəcmli məqalədə xalq milli birliyə və milli diriliyə çağırılır.
Zaman keçdikcə biz bunun real nəticəsini gördük. Xalq bir olduqda ən çətin problemlərin də öhdəsindən gələ bilir. Buna 44 günlük Vətən müharibəsində qazandığımız zəfər bariz nümunədir. Xalq-ordu birliyi, xalqın hər zaman ordunun və Ali Baş Komandanın arxasında dayanması bu birliyin nə qədər güclü olduğunu göstərdi. Qarabağ bütöv Azərbaycan vətəninə çevrildi və hamı yaşından, vəzifəsindən, kimliyindən asılı olmayaraq azadlıq uğrunda mübarizə apardı. Məhəmməd Əmin Rəsulzadə də məhz bu məqaləsində milli birliyin milli diriliyə aparan yol olduğunu vurğulayırdı.
Onun yaradıcılığının ən məhsuldar dövrü Azərbaycan Xalq Cümhuriyyəti illəridir. Bu dövrdə Məhəmməd Əmin Rəsulzadə demək olar ki, bütün mətbuat orqanları ilə sıx əməkdaşlıq edir, parlamentdə mətbuat azadlığı məsələsinin qaldırılmasına və bu azadlığın təmin olunmasına nail olunur. 1919-cu ilin 30 oktyabrında mətbuat nizamnaməsi qəbul edilir. Bu illərdə “Açıq söz” qəzetinin davamı olaraq “İstiqlal” qəzeti nəşr edilir. 1915-ci ildə yaradılan “Açıq söz” qəzeti Azərbaycan jurnalistikasında “Açıqsözçülər” nəslinin formalaşmasına səbəb oldu. İlk dəfə olaraq dövri mətbuatda “Biz türkük” deyə açıq şəkildə ifadə edildi və “Gündəlik türk qəzetəsi” anlayışı meydana çıxdı.
1920-ci ilin aprel işğalından sonra Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövrü başlayır. Mühacirətdə də onun yaratdığı “Azəri Türk”, “İstiqlal”, “Odlu Yurd” kimi mətbuat orqanları ruh düşkünlüyü yaşayan mühacirlərin bir araya gəlməsində mühüm rol oynayır. Bu dövr yaradıcılığı haqqında Abid Tahirli, Nəsiman Yaqublu və digər görkəmli alimlər tərəfindən sanballı tədqiqat əsərləri yazılıb.
Məhəmməd Əmin Rəsulzadə həm də tədqiqatçı alim idi. O, Nizami Gəncəvinin yaradıcılığını ilk dəfə elmi şəkildə araşdıraraq monoqrafiya yazıb. “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi” və digər əsərlərində də irəli sürdüyü mövzular aktuallığı, bəşəriliyi və ölməzliyi ilə bu gün də diqqət çəkir.
Beləliklə, Məhəmməd Əmin Rəsulzadə hər şeydən öncə bu günün, sabahın və gələcəyin böyük istedadlı jurnalisti və publisisti idi".


Aişə Mustafayeva
