Rubio Raul Kastronun nəvəsi ilə gizli danışıqlar aparır
ABŞ Dövlət katibi Marko Rubio Kubanın keçmiş lideri Raul Kastronun nəvəsi Raul Qillermo Rodriges Kastro ilə gizli danışıqlar aparır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ Dövlət katibi Marko Rubio ilə Raul Kastronun nəvəsi Raul Qilyermo Rodriges Kastro arasında iddia olunan gizli təmaslar kontekstində belə qeyri-rəsmi kanallar beynəlxalq siyasətdə yeni fenomen deyil:
“”Backchannel diplomacy” adlandırılan bu mexanizm rəsmi bəyanatlardan və ictimai təzyiqdən kənarda ilkin mövqelərin yoxlanılması, kompromis imkanlarının test edilməsi və siyasi risklərin azaldılması üçün istifadə olunur. Xüsusilə, ABŞ-Kuba kimi tarixi və ideoloji yüklü münasibətlərdə açıq danışıqlar bəzən daxili və xarici auditoriya üçün sərt ritorika ilə müşayiət olunduğundan, gizli kanallar tərəflərə daha çevik manevr imkanı verir. Lakin bu mexanizmin effektivliyi tərəflərin real siyasi iradəsindən və əldə olunan razılaşmanın sonradan rəsmi platformaya daşınmasından asılıdır.
ABŞ daxilində daxili siyasi balans ,xüsusilə, Konqresdəki qüvvələr nisbəti, Kuba diasporunun mövqeyi və partiyalararası rəqabət belə danışıqların taleyinə birbaşa təsir göstərə bilər. Əgər administrasiya daxilində konsensus zəifdirsə və ya seçki ili yaxınlaşırsa, gizli diplomatiya daxili tənqid hədəfinə çevrilə bilər. Nəticə baxımından gizli diplomatiya daha sürətli və elastik ola bilər, çünki tərəflər reputasiya riskini minimuma endirərək kompromis axtara bilirlər. Açıq diplomatiya isə legitimlik və ictimai dəstək baxımından daha dayanıqlı nəticələr yaradır. Praktikada isə ən uğurlu modellər adətən hər iki mexanizmin kombinasiyasına əsaslanır. İlkin mərhələdə gizli təmaslar, yekun mərhələdə isə rəsmi və açıq razılaşma”.
Səadət Əlizadə
