00:00:00
Yazar
Lalə Qafarova
15.05.2026 23:25 31 2 dəq oxuma
Siyasət

Ruhun səssiz qışqırığı: Boğulan emosiyalar necə ataka çevrilir?

Ruhun səssiz qışqırığı: Boğulan emosiyalar necə ataka çevrilir?

Panik atak: müasir dövrün ən çox yayılan psixoloji problemlərindən biri kimi diqqət mərkəzindədir. Mütəxəssislər hesab edirlər ki, uzun müddət toplanan stress və idarə olunmayan daxili gərginlik bu vəziyyətin yaranmasında əsas amillərdir.

 

Psixoloq Nabat Mirzəyeva mövzu ilə bağlı "İnformator.az"a bildirib ki, insanlar aylarla emosiyalarını boğur, hisslərini gizlədir və daim "güclü görünməyə" çalışırlar:

 

"Bu zaman beyin davamlı olaraq “təhlükə” rejimində fəaliyyət göstərir, insan qorxu və gərginlik içində yaşayır. Bir müddətdən sonra sinir sistemi həddindən artıq yüklənir və nəticədə panik atak partlayışı baş verir.

Həddindən artıq düşünmək (overthinking), gələcək qayğısı, travmatik təcrübələr və nəzarəti itirmək qorxusu bu vəziyyətin başlıca psixoloji səbəbləridir. Eyni zamanda, yorğunluq, normadan artıq kafein qəbulu və sosial mediadan asılılıq da sinir sistemini həssaslaşdıraraq bədəni bu tutmalara hazırlayır”.

 

Mütəxəssisin sözlərinə görə, hazırkı dövrdə insanların əsas problemi beyinlərinin "sakitləşə" bilməməsidir:

 

"Daimi informasiya axını və iş yükü sinir sistemini fasiləsiz gərginlikdə saxlayır. Panik atak adi həyəcandan necə fərqlənir? Adi həyəcan: insan narahat olsa da, reallıq hissini itirmir və hadisənin səbəbini anlayır. Panik atak isə: insan sanki bədəninə nəzarəti itirdiyini düşünür və vəziyyəti idarə edə bilməyəcəyi qorxusuna qapılır.

Əsas əlamətləri bunlardır: baş gicəllənməsi və titrəmə; tərləmə və sinə nahiyəsində sıxılma; ürək döyüntüsünün sürətlənməsi və nəfəs çatışmazlığı; ölüm və ya özünü itirmə qorxusu”.

 

Sonda psixoloq qeyd edib ki, panik atak nə qədər qorxulu görünsə də, əslində həyati təhlükə daşımır: 

 

“Panik atak insanın zəif olması deyil, uzun müddət yüklənmiş sinir sisteminin 'dayan' siqnalıdır. Biz panik atağa təslim olmamalı, onu idarə etməyi öyrənməliyik”.

 

Zeynəb Yunuszadə

#panikatak #psixologiya #psixoloq #əlamətlər #qorxu #təşviş
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər