Rumıniya Rusiyanı hava məkanını pozmaqda ittiham edib
Rumıniya Prezidenti Nikuşor Dan ölkənin hava məkanına daxil olan Rusiyaya məxsus olduğu bildirilən daha bir “Şahed” tipli pilotsuz uçuş aparatını Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcısı məhv etdiyini açıqlayıb. Prezident Rusiyanın NATO və Avropa İttifaqının hava məkanını pozmasının yolverilməz olduğunu vurğulayaraq, hadisə ilə bağlı rəsmi diplomatik etiraz hazırlanacağını bildirib. Rumıniya Baş Prokurorluğu dronun Rusiya Silahlı Qüvvələrinin Ukraynaya qarşı müharibədə istifadə etdiyi “Şahed” tipli PUA olduğunu açıqlayıb.
Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyanın Rumıniya hava məkanına yönəlmiş son addımları NATO-nun reaksiyasını sınaqdan keçirməyə hesablanıb. Ukrayna NATO üzvü olmasa da, Rusiyanın NATO ölkələrinin ərazi bütövlüyünə müdaxilə cəhdləri artıq ilk hal deyil və bu cür hadisələr qarşısında Alyansın indiyədək konkret mövqe ortaya qoymaması diqqət çəkir:
“Biz artıq neçənci dəfədir ki, Rusiyanın NATO-ya üzv olan ölkələrin ərazi bütövlüyünə müdaxilə edildiyinin şahidi oluruq. Maraqlı olan isə budur ki, bu hücumlara qarşı NATO hələlik konkret mövqe ortaya qoymur, hətta sərt bir bəyanat belə səsləndirmir. Dronların vurulması texniki baxımdan mürəkkəb proses deyil və hazırda davam edən müharibələrdə hər gün çoxsaylı pilotsuz uçuş aparatları zərərsizləşdirilir. Bu, Rumıniyanın öz hava məkanını qorumaq üçün atdığı zəruri addımdır. Eyni zamanda bunu Rusiyanın NATO-nun nəbzini yoxlamaq cəhdi kimi də qiymətləndirmək olar. Başqa sözlə, Rusiya NATO-nun 5-ci maddəsinə uyğun olaraq Alyansın hansı addımlar atacağını, necə reaksiya verəcəyini, eləcə də yerli əhalinin bu hücumlara münasibətini sınaqdan keçirir”.
Ekspert Ukraynanın mövcud təhlükələrə qarşı əlində olan bütün imkanlardan istifadə etməyə çalışdığını bildirib:
“Burada F-16 qırıcılarından istifadə olunması normaldır. Lakin mövcud vəziyyətdə hava məkanının qorunması üçün helikopterlərdən, uçuş dəyəri daha aşağı olan yüngül təyyarələrdən və ən geniş tətbiq olunan antidron sistemlərindən də istifadə edilir. İndiki vəziyyətdə əgər NATO ortaq qərarla Rusiyanın təxribat törədən məntəqələrinə qarşı adekvat cavab ortaya qoymazsa, Rusiya eyni prosesləri Şərqi Avropa ölkələrində, xüsusilə Pribaltika dövlətləri, Polşa və digər ölkələrə qarşı da təxribat xarakterli şəkildə davam etdirəcək”, - ekspert fikrini yekunlaşdırıb.
Fatimə Hüseynli