“Rusiya ABŞ-ni ‘İran bataqlığında’ saxlamağa çalışır” - ŞƏRH
Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi Nyu-Dehlidə keçirilən görüşdə İran-ABŞ nüvə danışıqları, Yaxın Şərqdəki gərginlik və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Tərəflər atəşkəsin qorunmasının vacibliyini vurğulayıb, həmçinin enerji, nəqliyyat və tranzit sahələrində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Moskva siyasi-diplomatik proseslərin davam etdirilməsinin regionda uzunmüddətli sabitlik üçün əsas şərt olduğunu bildirib.
Mövzu ilə bağlı siyasi şərhçi Hasan Oktay “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov ilə İran xarici işlər naziri Abbas Əraqçi arasında keçirilən görüş ABŞ-ni regionda uzunmüddətli şəkildə məşğul saxlamağa hesablanan strateji addımdır:
“Lavrov-Əraqçi görüşü əslində Vaşinqtonu “İran bataqlığına” çəkmək və ya həmin prosesin içində saxlamaq strategiyasının növbəti mərhələsidir. Rusiya üçün İran-ABŞ nüvə danışıqları, o cümlədən JCPOA-nın bərpası məsələsi heç vaxt yalnız texniki silahsızlanma mövzusu olmayıb. Rusiya İran ilə ABŞ arasında tam normallaşma və ‘bahar havası’ yaranmasını istəmir. Çünki İran Qərblə tam şəkildə münasibətləri normallaşdırarsa, Avropanın enerji bazarında Rusiyaya ciddi rəqibə çevrilə bilər. Moskvanın əsas məqsədlərindən biri də ABŞ-ni Yaxın Şərqdə məşğul saxlamaqdır. Lavrovun ‘diplomatik proses’ vurğusu əslində ABŞ-nin İran məsələsini bağlayaraq diqqətini tam şəkildə Ukrayna və ya Sakit okean regionuna yönəltməsinin qarşısını almağa hesablanıb. İran məsələsi Rusiya üçün həm də Qərblə münasibətlərdə siyasi bazarlıq vasitəsidir. Lavrov nüvə danışıqlarında İran üzərindəki təsir imkanlarından istifadə edərək Qərbdən Ukrayna məsələsində güzəştlər əldə etməyə çalışır. İran məsələsi Rusiya üçün qlobal geosiyasi şahmatda ‘yan cəbhə’ funksiyasını yerinə yetirir”.
Siyasi şərhçi Moskva ilə Tehran arasında enerji və tranzit əməkdaşlığının da regiondakı geosiyasi balansı dəyişdirdiyini bildirib. O, xüsusilə Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) strateji əhəmiyyətinə diqqət çəkib:
“Rusiya və İran Xəzər dənizi üzərindən Hindistana uzanan alternativ marşrut formalaşdıraraq Qərbin Süveyş kimi əsas dəniz yolları üzərindəki üstünlüyünü bypass etməyə çalışırlar. Enerji daşımalarının dollar xaricindəki valyutalarla həyata keçirilməsi ABŞ sanksiyalarının təsirini zəiflədən alternativ iqtisadi blokun formalaşmasına xidmət edir. BRICS böyük iqtisadi gücə malik olsa da, NATO tipli kollektiv hərbi mexanizmə sahib deyil. BRICS-in təsiri daha çox diplomatik və maliyyə qalxanı yaratmaq istiqamətindədir. Şanxay Əməkdaşlıq Təşkilatı ilə paralel fəaliyyət göstərən BRICS region ölkələrinə alternativ təhlükəsizlik modeli mesajı verir. Bu model göstərir ki, region ölkələri təhlükəsizlik məsələlərində yalnız Vaşinqtona bağlı deyil. Hindistanın İsraillə yaxın münasibətləri kimi ziddiyyətlər BRICS-in Yaxın Şərqdə vahid mövqedən çıxış etməsini çətinləşdirir. Buna baxmayaraq, ABŞ-nin birtərəfli addımlarını zəiflətmək və sanksiyaların təsirini azaltmaq potensialı kifayət qədər yüksəkdir. Əraqçi ilə Lavrovun Yeni Dehlidəki görüşü Rusiyanın həm Hindistanı öz geosiyasi xəttinə yaxınlaşdırmaq, həm də İranı “diplomatik qalxan” kimi istifadə etmək niyyətini nümayiş etdirir”.
Fatimə Hüseynli