Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür - ŞƏRH
Almaniya tərəfinin qeyri-dost hərəkətləri, o cümlədən Bonndakı Rusiya Baş Konsulluğunun və Berlindəki Rusiya Elm və Mədəniyyət Evinin bağlanması ilə əlaqədar olaraq, Moskvadakı alman diplomatlar mümkün cavab tədbirləri barədə məlumatlandırılıb.
Mövzu ilə bağlı “Informator.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, Almaniya, əslinə qalanda, bu addımları atmaqda çox gecikib:
"Təkcə Almaniya deyil, bir çox Avropa və dünya dövlətləri Rusiyaya münasibətdə olduqca yumşaq davranırlar. Halbuki işğalçı, təcavüzkar ölkələr vaxtında sərt münasibət görsələr, öz bəd əməllərindən əl çəkərlər. Bir çox dövlətlər öz maraqlarını üstün tutaraq işğalçıları, təcavüzkarları bu cür süründürməçiliklə həvəsləndirmiş olurlar. Almaniya bu addımları çoxdan atmalı idi. Moskvadakı Almaniya səfirliyi bağlansa belə, Almaniya dövləti heç nə itirməyəcək. Ümumiyyətlə, Moskva bütün xarici ölkə səfirliklərini bağlasa, onların nümayəndələrini ölkədən çıxarsa, itirən yenə də Rusiyanın özü olacaq".
Siyasi şərhçinin sözlərinə görə, Almaniyaya qarşı atılan addımlar bütövlükdə Avropa Birliyinə, Avropa ölkələrinə qarşı atılmış addımlar kimi dəyərləndirilə bilər:
"Almaniyanı qarşısına alması ilə Rusiya əslində Avropa Birliyini qarşısına alır. İndi deyilə bilər ki, onsuz da Avropa Birliyi Rusiyanın qarşısındadır. Amma bu cür addımlar çoxaldıqca Avropa Birliyinin Rusiyaya sərt münasibəti daha da güclənə bilər".
Selcan Xudiyeva