“Rusiya artıq beşinci ildir ki, bataqlığa saplanıb”-ŞƏRH
Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutteni qəbul edib.
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, xatırlatmaq istəyirəm ki, hələ müharibə təzə başlayanda, 2022-ci ilin mart ayında qardaş Türkiyə, Rusiya ilə Ukrayna arasında vasitəçilik edib:
“İstanbulda görüşlər keçirilib və Türkiyənin bu vasitəçiliyini tərəflər tam olaraq sonadək qəbul etsəydilər, artıq bəlkə də müharibə bitərdi. İndi biz sülhdən danışırdıq. Təəssüflər olsun ki, özəlliklə də, Rusiya bu sülh təşəbbüsünü düzgün qiymətləndirə bilməyib və müharibəni davam etdirib. Nəticələr də göz qabağındadır, yəni bu gün Rusiya rəzil durumdadır. Üç günə işğal edəcəyini düşündüyü Ukraynanın içində artıq beşinci ildir ki, bataqlığa saplanıb. Hər gün də çox sayda canlar alınır. Şəhərlər, kəndlər dağıdılır. Demək istədiyim odur ki, tərəflərdən biri, xüsusilə Ukrayna, Türkiyənin təşəbbüslərini həmişə alqışlayıb və ona uyğun addımlar atıb. Rusiya isə sadəcə olaraq baş qatıb, oyunpozanlıq edib, bu təşəbbüsü düzgün dəyərləndirə bilməyib. İndinin özündə də Rusiya eyni qaydada davam edir. Qərb ölkələri və bütövlükdə NATO-nun prosesdə roluna gəlincə, çox təəssüf edirik ki, Qərb ölkələri Ukraynaya lazım olan dəstəyi vaxtında və uyğun şəkildə təmin etməyib. Məsələn, NATO-nun özü vaxtında bu məsələdə daha qətiyyətli davranış nümayiş etdirsəydi, Rusiya çoxdan yerinə oturdulardı. Yaxud da ki, Avropa Birliyi bu məsələlərdə Ukraynaya lazım olan yardımları vaxtında etmiş olsaydı, yenə də Rusiyanı yerinə oturtmaq mümkün idi. Özəlliklə də Amerika Birləşmiş Ştatları bu məsələlərdə daha qətiyyətli davrana bilərdi. Təəssüflər olsun ki, davranmayıb. İndinin özündə də davranmır. Ona görə də müharibə hələ də davam edir. Canlar alınır və şəhərlər, kəndlər dağıdılır. Rusiyada öz təcavüzkarlığından imtina etmir. Rusiyanın bu təcavüzkarlığının səbəbkarları və günahkarları arasında NATO-nu və Qərbi də göstərmək mümkündür”.
Həmçinin şərhçi qeyd edib ki, danışıqların bərpasına mane olan əsas faktor Rusiyanın özüdür:
“Rusiya təcavüzkar, işğalçı, insan qanına susamış bir imperiyadır və istənilən dinc həll variantını da rədd edir. Faktiki olaraq Ukrayna bütün hallarda danışıqlardan yanadır. Qeyd-şərtsiz Rusiya ilə danışmağa hazırdır, amma Rusiyaya bu təklif veriləndə, o, şərtli bir şəkildə danışıqlar masası arxasına oturmağa hazır olduğunu deyir. Şərt deyəndə Rusiyanın hazırda işğal altında tutduğu torpaqları, bir də hələ işğal edə bilmədiyi torpaqları Ukraynadan tələb etməyi nəzərdə tutulur, yəni alçaldıcı bir tələblə Ukraynanın qarşısına çıxır. Təbiidir ki, Ukrayna bu alçaldıcı təklifləri qəbul edə bilməz. Ona görə də, danışıqlar prosesi bərpa edilə bilmir”.
Aytac İbrahimova