“Rusiya Ermənistanı Avrasiya İqtisadi İttifaqı ilə Avropa arasında seçimə məcbur edir” - ŞƏRH
Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Qırğızıstana iki günlük işgüzar səfərə gedib. Ermənistan mediasının məlumatına görə, Paşinyan Çolpon-Atada keçiriləcək iclasda çıxış edəcək və qurumun hazırkı vəziyyəti ilə bağlı məsələləri gündəmə gətirəcək. Bu səfər Ermənistanın Aİİ çərçivəsində gələcək mövqeyi və təşkilat daxilindəki münasibətləri baxımından diqqətlə izlənilir.
Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının iclasında iştirakı ölkəsinin üzləşdiyi iqtisadi təzyiqləri azaltmağa yönələn addım kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, Rusiya seçkilərdən əvvəl Ermənistana qarşı iqtisadi təzyiq siyasətini gücləndirib və bu proses seçkilərdən sonra da davam edir. Moskva Avrasiya İqtisadi İttifaqına üzv digər ölkələri də bu siyasətə cəlb etməyə çalışır:
“Rusiyanın əsas tələbi Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim etməsidir. Ermənistan hakimiyyəti bu məsələnin hazırda aktual olmadığını bildirsə də, Rusiya bunu prioritet məsələ kimi gündəmdə saxlayır. Nəticədə Ermənistan iqtisadi çətinliklərlə üzləşir. Ermənistanın Avrasiya İqtisadi İttifaqında qalması hazırkı mərhələdə iqtisadi baxımdan həyati əhəmiyyət daşıyır. İrəvan anti-Rusiya siyasətindən sonra Avropadan siyasi, hərbi və təhlükəsizlik sahəsində müəyyən dəstək alsa da, iqtisadi sahədə eyni nəticəni əldə edə bilməyib. Avropa bazarına çıxış imkanları məhduddur. Avropa İttifaqının ayırdığı maliyyə yardımı isə Ermənistan iqtisadiyyatının ehtiyaclarını qarşılamaq üçün kifayət etmir. Bu səbəbdən Paşinyan hakimiyyəti üçün Avrasiya İqtisadi İttifaqında qalmaq vacibdir. Çünki bu bazar Ermənistan üçün ən önəmli iqtisadi bazarlardan biridir. Rusiya da bunu bildiyi üçün Ermənistanı seçim qarşısında qoymağa və Avrasiya İqtisadi İttifaqı bazarından uzaqlaşdırmağa çalışır”.
A.Nərimanlı hesab edir ki, qarşıdakı iclas Paşinyan hakimiyyəti üçün mühüm əhəmiyyət daşıyır. Ermənistan rəhbərliyi bu görüşdə təşkilata üzv ölkələrlə münasibətləri yenidən qurmağa və Rusiyanın iqtisadi təzyiqlərini zəiflətməyə çalışacaq:
“Paşinyanın iclasdan əvvəl səsləndirdiyi fikirlər də mesaj xarakteri daşıyır. O göstərməyə çalışır ki, Rusiya ilə Ermənistan arasında problemlər olsa belə, bu münasibətlər Avrasiya İqtisadi İttifaqının fəaliyyətinə təsir etməməlidir. Əgər təşkilat bu prosesdə Rusiyanın mövqeyini müdafiə edərsə, bu, onun böhran vəziyyətində olduğunu göstərər. Ermənistan iclas ərəfəsində verdiyi açıqlamalarla danışıqlarda mövqeyini gücləndirməyə çalışır. Paşinyan çalışacaq ki, Rusiya ilə Ermənistan arasında yaranmış gərginliyə ittifaqın digər üzv ölkələri qoşulmasın. Çünki əsas məsələ Ermənistanın daha böyük iqtisadi itkilərlə üzləşməsinin qarşısını almaqdır”.
Siyasi şərhçinin fikrincə, Ermənistanın Avropa yönümlü siyasəti fonunda bu addımlar suallar doğursa da, Avropa İttifaqı hazırda İrəvana kifayət qədər iqtisadi dəstək verə bilmir:
“Bu səbəbdən Ermənistan mövcud imkanlardan, yəni Avrasiya İqtisadi İttifaqı bazarından istifadə etməyə məcburdur. Paşinyan hakimiyyəti xarici siyasətdə balans yaratmağa çalışır və bu məsələdə Avropadakı tərəfdaşları ilə də məsləhətləşmələr aparır. Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı fəallığının artması uzunmüddətli strategiya deyil.
Ermənistan üçün bu ittifaq Azərbaycanla sülh müqaviləsi imzalanana, Türkiyə ilə sərhədlər açılana və Avropa bazarına çıxış imkanları yaranana qədər vacibdir. Bu şərtlər təmin olunarsa və Avropa tərəfindən lazımi iqtisadi dəstək göstərilərsə, Ermənistan tədricən Avrasiya İqtisadi İttifaqından uzaqlaşmağa başlayacaq. Bu, birdən-birə baş verməyəcək, mərhələli şəkildə həyata keçiriləcək. Hazırda isə Ermənistan bu mürəkkəb şəraitdə manevr etməyə çalışır”, - Asif Nərimanlı fikrini yekunlaşdırıb.
Fatimə Hüseynli