“Rusiya Ermənistanı çətin seçim qarşısında qoyur”-ŞƏRH
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Ermənistanın son dövrdə atdığı bəzi addımlar Moskva ilə müttəfiqlik münasibətlərinin ruhuna uyğun gəlmir. O, xüsusilə İrəvanın Avropa İttifaqı ilə yaxınlaşmasını və Aİ standartlarına uyğunlaşma siyasətini vurğulayıb.
Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya əsasən Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasından narahatdır:
“Rusiya Ermənistanın Avropa İttifaqı ilə inteqrasiya istiqamətində atdığı addımları öz regional mövqelərinə təhlükə kimi qiymətləndirir. Moskva hesab edir ki, Brüssel ilə əlaqələrin dərinləşməsi Rusiyanın həm Ermənistandakı, həm də ümumilikdə Cənubi Qafqazdakı təsir imkanlarını zəiflədə bilər. Buna görə də Rusiya sərt bəyanatlarla İrəvana təzyiq göstərməyə çalışır.Moskva Ermənistanı seçim qarşısında qoymağa çalışır.Rusiya açıq şəkildə mesaj verir ki, Ermənistan ya Avropa İttifaqı ilə yaxınlaşma siyasətini davam etdirməli, ya da Avrasiya İqtisadi İttifaqındakı öhdəliklərinə sadiq qalmalıdır. Bu təsadüfi deyil. Çünki Ermənistan siyasi və hərbi sahədə müəyyən alternativlər tapsa da, iqtisadi baxımdan hələ də Rusiyadan və Avrasiya bazarından ciddi şəkildə asılıdır”.
Asif Nərimanlı vurğulayıb ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından uzaqlaşması ciddi iqtisadi risklər yarada bilər:
“Ermənistanın əsas iqtisadi bazarları məhz Avrasiya İqtisadi İttifaqı ölkələridir. Əgər İrəvan bu platformadan uzaqlaşmağa məcbur olsa və alternativ iqtisadi dəstək tapa bilməsə, bu, ölkə üçün ciddi iqtisadi itkilərlə nəticələnə bilər. Rusiya da məhz bu asılılıq faktorundan istifadə edərək Ermənistanı geri addım atmağa məcbur etməyə çalışır”.
Ayşə Müzəfərli