00:00:00
Yazar
Mayıl Soltan
02.03.2026 21:12 77 3 dəq oxuma
Siyasət

"Rusiya İrana dəstək göstərəcək" - Dmitri Solonnikov

"Rusiya İrana dəstək göstərəcək" - Dmitri Solonnikov

"ABŞ və İsrailin İrana hücumu səbəbsiz aqressiya aktı kimi qiymətləndirilir. Hücumlar suveren dövlətə və dinc əhaliyə qarşı yönəldilmiş hərbi cinayət kimi dəyərləndirilir və beynəlxalq səviyyədə qınanmalıdır. Bu yalnız BMT Təhlükəsizlik Şurasında səslənən bəyanatlarla deyil, genişmiqyaslı beynəlxalq araşdırma, konkret sanksiyalar və digər real təsir mexanizmləri ilə müşayiət olunmalıdır. Lakin gözlənilən addımlar atılmayacaq. Proses ayrı-ayrı siyasi fiqurların, dövlətlərin və beynəlxalq təşkilatların mövqe açıqlamaları ilə məhdudlaşacaq. Sözlər səslənəcək, amma ABŞ üçün real siyasi, iqtisadi və ya diplomatik təhlükə formalaşmayacaq. Heç bir ciddi tədbirin həyata keçirilməyəcəyi də aydındır".

 

Bu sözləri "İnformator.az"a açıqlamasında rusiyalı beynəlxalq politoloq Dmitri Solonnikov bildirib. 

 

Onun sözlərinə görə, ABŞ və İsrail tərəfi aqressiv siyasətini genişləndirməkdə davam edəcək:

 

"ABŞ bu vəziyyəti anlayır və buna görə də aqressiv siyasətini genişləndirməkdə davam edəcək. Vaşinqtonun özünə digər dövlətlərin liderlərini hədəfə almağı, ABŞ prezidentinin şəxsi mövqeyinə uyğun olmayan ölkələrə qarşı hərbi gücdən istifadə etməyi mümkün sayan yanaşması davam edir. Bu gün İran, sabah isə Kuba, Meksika, Şimali Koreya və Myanma kimi ölkələr risk altındadır. Artıq heç bir dövlət özünü tam təhlükəsiz hesab edə bilməz. Bu yanaşma beynəlxalq hüququ faktiki olaraq sıradan çıxarır və “güc hüququ”nu ön plana çəkir. ABŞ prezidenti Donald Tramp bu gücün hazırda yalnız ABŞ-də cəmləşdiyini düşünür. Rusiyanın BMT-də və Kremldə səsləndirdiyi mövqe də məhz bu reallığa əsaslanır".

 

Müsahibimiz Rusiyanın müharibə ilə bağlı mövqeyindən də bəhs edib:

 

"Rusiya öz mövqeyini bəyan edib və mövcud imkanları çərçivəsində fəaliyyət göstərir. Müttəfiqlər və qarşılıqlı əməkdaşlıq sazişləri olan ölkələrlə, o cümlədən İranla danışıqlar aparılır. Rusiya-İran strateji tərəfdaşlıq sazişi mövcuddur, lakin bu sənəd hərbi müdaxilə öhdəliyini nəzərdə tutmur. Buna görə də, Rusiya texniki və diplomatik dəstək göstərəcək, lakin İrana qarşı hücum olacağı təqdirdə müharibəyə qoşulmayacaq. Hazırda beynəlxalq ictimaiyyət hadisələrin inkişafını diqqətlə izləyir. Münaqişənin nəticəsi ilə bağlı indidən qəti fikir söyləmək mümkün deyil. Əsas qərarlar İran rəhbərliyi tərəfindən veriləcək və bu qərarlar İran Silahlı Qüvvələrinin, hərbi-sənaye kompleksinin, raket və pilotsuz uçuş aparatları ehtiyatlarının vəziyyətindən asılı olacaq. Bu məlumatlar məxfi xarakter daşıdığı üçün real potensialı dəqiq qiymətləndirmək çətindir".

 

Müsahibimiz İsrailə qəbuledilməz itkilər verilməsi yönündə münaqişənin gedişinə ciddi təsir göstərəcəyini qeyd edib:

 

 

"Mövcud proseslər göstərir ki, əvvəlki rəhbərliyin aradan qaldırılmasından sonra formalaşan yeni İran rəhbərliyi danışıqlara meyillidir. Hazırkı mərhələdə məqsəd ölkə daxilində “qələbə görüntüsü” yaratmaqdır. Bu səbəbdən İsrailə birbaşa ağır zərbələrdən daha çox, çatılması asan olan hədəflər vurulur. Halbuki İsrailə qəbuledilməz itkilər verilməsi münaqişənin gedişinə ciddi təsir göstərə bilərdi. Bundan əlavə, Ərəb Dövlətləri Liqasının İranı dəstəkləməsi real görünmür. Əksinə, yeni anti-İran koalisiyasının formalaşması ehtimalı daha yüksəkdir. ABŞ hərbi bazalarının Fars körfəzi ölkələrindən çıxarılması yalnız İsrailə ciddi zərbələr endirildiyi və ABŞ-ın regiondan çəkilməyə başladığı halda mümkün ola bilərdi. Hazırkı vəziyyətdə bu ssenari aktual deyil. İranın davam gətirib-gətirməməsi təkcə onun hərbi imkanlarından deyil, ABŞ daxilindəki siyasi proseslərdən də asılı olacaq. Əgər döyüşlər uzanarsa, bu, ABŞ-də Trampa qarşı olan müxalifət üçün daxili siyasi təzyiq imkanlarını artıra bilər. Belə bir şəraitdə danışıqlar üçün daha münasib zəmin yarana bilər",-deyə Dmitri Solonnikov əlavə edib.

 

Müsahibimiz hadisələrin inkişafının növbəti mərhələdə daha aydın görünəcəyini deyib:

 

"Hazırkı mərhələdə İran ABŞ üçün ciddi və həlledici təhlükə formalaşdırmayıb. Əgər ABŞ daxilində tam siyasi konsensus mövcud olsaydı, müharibə uzunmüddətli xarakter alar və İranın manevr imkanları xeyli məhdudlaşardı. İndiki vəziyyətdə isə müəyyən qeyri-müəyyənlik qalır. Hadisələrin inkişafı növbəti mərhələdə daha aydın görünəcək",-deyə o, fikirlərini yekunlaşdırıb.

 

Mayıl Soltan

#dmitri #göstərəcək" #yeni #azərbaycan #"rusiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər