Rusiya istehsalçılar üçün benzin ixracına qoyulan qadağanı ləğv edib
Qərar istehsal güclərinin həddindən artıq yüklənməsinin qarşısını almaq məqsədi daşıyır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında enerji eksperti Şaban Nəsirov bildirib ki, Rusiya hökumətinin neft şirkətləri üçün benzin ixracına qoyulan müvəqqəti qadağanı ləğv etməsi bir neçə daxili və xarici amilin üst-üstə düşməsi ilə izah oluna bilər:
"Qeyd etmək vacibdir ki, bu qərar xam neft ixracına aid olmayıb, yalnız sosial və iqtisadi baxımdan həssas məhsul sayılan benzin bazarını əhatə edib. Xam neft ixracı isə bütün bu dövr ərzində Rusiyanın əsas valyuta gəlir mənbəyi kimi davam edib.
Qadağanın tətbiq olunduğu mərhələdə əsas məqsəd daxili bazarda yanacaq çatışmazlığının və qiymət artımının qarşısını almaq idi. Hazırda isə hökumət, görünür, daxili bazarda vəziyyəti daha sabit hesab edir və ixrac imkanlarını yenidən açmaqla iqtisadi prioritetləri ön plana çıxarır. Qısa müddətli dövrdə benzin ixracının bərpası daxili bazarda müəyyən psixoloji risklər yarada bilər. Çünki ixrac imkanlarının açılması istehsalçıların diqqətini daha gəlirli xarici bazarlara yönəldə bilər. Lakin Rusiya hökumətinin əlində hələ də daxili bazarı qorumaq üçün kifayət qədər tənzimləyici alətlər mövcuddur. Bunlara qiymət nəzarəti, vergi mexanizmləri və fövqəladə hallarda yenidən məhdudiyyətlərin tətbiqi daxildir.
Bu baxımdan, yaxın perspektivdə daxili yanacaq qiymətlərində kəskin artım gözlənilmir. Daha real ssenari ondan ibarətdir ki, hökumət ixracı nəzarət altında saxlayaraq daxili bazarda balansı qorumağa çalışacaq.
Benzin ixracına qoyulan qadağanın ləğvi ilk növbədə neft emalı sektorunun maliyyə vəziyyətini yaxşılaşdırmağa yönəlib. Daxili bazarda qiymətlərin inzibati üsullarla tənzimlənməsi emal zavodlarının mənfəət gəlirlərini məhdudlaşdırıb. İxracın açılması isə onlara daha gəlirli satış kanalları yaradır və istehsalın azalmasının qarşısını alır.
Eyni zamanda, bu qərar dövlət büdcəsi üçün də müsbət siqnaldır. Sanksiyalar fonunda Rusiya üçün neft və neft məhsullarından daxil olan hər əlavə valyuta axını xüsusi əhəmiyyət daşıyır. Benzin ixracı xam neftlə müqayisədə həcmi daha kiçik olsa da, qısa müddətdə büdcəyə əlavə gəlir gətirə bilən məhsul hesab olunur.
Rusiyanın benzin ixracına qayıtması regional yanacaq bazarlarında rəqabəti artıracaq. Xüsusilə MDB ölkələri, Afrika və Latın Amerikası kimi bazarlarda Rusiya benzini qiymət baxımından rəqabət qabiliyyətli məhsul kimi çıxış edə bilər. Bu isə alternativ tədarükçülər üçün müəyyən təzyiq yarada bilər.
Qlobal kontekstdə isə bu qərar Rusiyanın ixrac strategiyasını daha çevik etdiyini göstərir. ABŞ-nin Hindistan bazarı ilə bağlı Venesuela nefti üzərindən verilən açıqlamaları Moskva üçün əsas xam neft bazarlarında risklərin artdığını göstərən siqnal kimi qəbul oluna bilər. Hindistan məsələsi benzin ixracı üçün birbaşa həlledici olmasa da, bu cür geosiyasi mesajlar Rusiyanı neft məhsulları üzrə alternativ bazarlarda daha fəal olmağa sövq edir.
Ümumilikdə, benzin ixracına qoyulan qadağanın ləğvi Rusiyanın daxili bazarda vəziyyəti idarəolunan hesab etdiyini və eyni zamanda ixracdan əldə edilən gəlirləri artırmaq niyyətində olduğunu göstərir. Bu qərar həm büdcə gəlirlərinin şaxələndirilməsi, həm də neft emalı sektorunun maliyyə dayanıqlığının qorunması baxımından rasional addım kimi qiymətləndirilə bilər".
Aişə Mustafayeva
