“Rusiya kəşfiyyatının fəallığı Avropada riskləri artırır”
Norveçin Daxili Təhlükəsizlik Xidməti Rusiyanın 2026-cı il ərzində ölkə ərazisində kəşfiyyat fəaliyyətini artıracağını proqnozlaşdırır. Məlumata görə, Rusiya kəşfiyyat orqanlarının fəallığı ilk növbədə Norveçin hərbi obyektlərini, müttəfiq ölkələrlə birgə keçirilən hərbi təlimləri, eləcə də Oslo hökumətinin Ukraynaya göstərdiyi hərbi yardımı hədəf ala bilər.
Mövzu ilə bağlı deputat Ceyhun Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, dünyada münaqişələr və gərginliklər getdikcə artır:
“Bu, ciddi problem kimi özünü göstərir. Təbii ki, bu cür fəaliyyətlərdə kəşfiyyat orqanları xüsusi önəm daşıyır və məsuliyyətə malikdir. Ona görə də, hesab edirəm ki, bu mənada Avropanın narahatlığının haqlı olduğunu görürük”.
Deputat, həmçinin əlavə edib ki, bu tendensiya Avropada risklərin artmasına və dövlətlərin silahlanması ilə qarşılıqlı etimadın azalmasına səbəb olur:
“Bu xəbərdarlıqlar ölkələrin diqqətini artırır, dövlətlərin silahlanmasını və bir-birinə olan etimadını azaldır. Avropa dövlətləri bunu bilir, çalışırlar ki, kəşfiyyat və təhlükəsizlik sahəsində əlaqələrini gücləndirsinlər və bu prosesə mühüm töhfələr versinlər. Çünki gələcəkdə mürəkkəb və gərgin dövr gözlənilir”.
Fatimə Hüseynli
