Rusiya kütləvi hücuma hazırlaşır- Zelenski
“Rusiyanın kütləvi hücuma hazırlaşdığı barədə kəşfiyyat məlumatları var”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Hətta Cenevrədə üçtərəfli görüş ərəfəsində belə Rusiya ordusunun Ukraynaya zərbələri davam edir. Ukraynanın müdafiə naziri Mixail Fyodorov və "Ukrenerqo"nun rəhbərinə Rusiyanın kütləvi hücuma hazırlaşdığı barədə kəşfiyyat məlumatlarını nəzərə alaraq, gün ərzində lazımi əlavə qoruyucu tədbirlər hazırlamağı tapşırdım",- Zelenski bildirib.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Kreml sülh prosesinə həm Ukraynanın, həm də AB ölkələrinin daxil olmasını istəmir:
“Rusiyanın bu ilin iyununa qədər Ukraynaya qarşı daha dağıdıcı hərbi əməliyyatlara başlayacağı barədə məlumatlar mövcuddur. Hətta iddia olunur ki, Rusiya hazırda belə dağıdıcı hərbi əməliyyatlar üçün yeni qüvvələr toplamağa başlayıb, yəni resurslarını yenidən bir araya gətirməyə çalışır. Burada da əsas səbəb ondan ibarətdir ki, Rusiya Ukrayna savaşının dayandırılması üzrə sülh sazişinin birmənalı şəkildə Rusiya və ABŞ arasında əldə olunmuş razılıqlar əsasında tərtib olunmasını tələb edir. Ancaq indiki situasiyada ABŞ hələlik Rusiya ilə razılaşmaları kollektiv Qərb çərçivəsində, xüsusilə də Avropa Birliyi ölkələri çərçivəsində qəbul etdirməyə nail olmayıb. Ona görə də, bu məsələ bir qədər qəlizləşməyə başlayıb. Halbuki Kreml sülh prosesinə həm Ukraynanın, həm də AB ölkələrinin daxil olmasını istəmir. İstəyir ki, Ukrayna savaşının gələcək taleyini məhz ABŞ ilə ortaq həll etsin. Ancaq hələlik bu planlar pozulmaqda davam edir. Üstəlik, AB 2027-ci ildə Ukraynanı qismən üzvlüyə qəbul etmək niyyətini artıq bəyan edib. Bu, Kremldə çox ciddi narahatlıq doğurur, çünki AB-nin üzvləri həm də NATO tərkibində təmsil olunurlar. Bu da o deməkdir ki, Ukrayna da AB-yə üzv olarsa, o zaman Rusiya nə vaxtsa Ukraynaya qarşı hərbi müdaxilə edərsə, bu, Ukraynanın qismən üzv olduğu AB-nin kəskin reaksiyasına səbəb olacaq. Bu kəskin reaksiya sonrakı mərhələdə NATO çərçivəsinə daşınacaq və bununla da hadisələr Rusiya və NATO-nu hərbi cəhətdən qarşı-qarşıya gətirə bilər. Təbii ki, bütün bunları nəzərə alan Kreml Ukraynanın AB-yə qismən üzvlüyünün qarşısının alınması üçün ona qarşı daha dağıdıcı hərbi əməliyyatlara hazırlaşır. Bu əməliyyatlarla da sülh masasında əlini daha da möhkəmləndirmək niyyəti güdür”.

Lalə Qurbanlı
