Rusiya-NATO gərginliyi pik həddə: Dünyanı nə gözləyir?
Rusiya ilə NATO arasında münasibətlər təhlükəli həddə çatıb. Tərəflər arasında qarşılıqlı hərbi bəyanatların kəskinləşməsi, Baltik dəniz hövzəsində və Kalininqrad ətrafındakı dəniz blokadası iddiaları fonunda Rusiyanın yenidən nüvə silahından istifadə xəbərdarlığı etməsi qlobal təhlükəsizlik sistemini sarsıdıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Sədrəddin Soltan bildirib ki, NATO İlə Rusiya arasında indiki şəraitdə müharibə gözlənilmir:
"Əgər Rusiya NATO ölkələrindən hər hansı birinin ərazi bütövlüyünü və təhlükəsizliyini pozarsa, bu halda müharibə baş verə bilər. İndiki şərait bloklar və Rusiya arasındakı müharibəni mümkünsüz sayır. Nüvə çəkindirmə oratorikasını sadəcə olaraq Rusiyanın regionu təhdid etməsi kimi qiymətləndirmirəm,bu bir avantüradır. Mövcud vəziyyətdə nə Rusiyanın,nə də qarşı tərəfin nüvə silahından istifadə etməsi gözlənilir. Dünyada xaotik bir dövrün baş verəcəyi ehtimalı istisnadır. Xüsusən Ukrayna böhranının və Yaxın Şərqdə Fələstin böhranının həll edilməsi, habelə İranla bağlı məsələlərin yoluna düşməsi dünyada yeni nizamın qurulması üçün şərait yarada bilər. Rusiya-NATO qarşıdurmasının dərinləşməsi Cənubi Qafqazdakı güc balansına və xüsusilə Azərbaycana ciddi təsiri olmayacaq. Rusiya-NATO qarşıdurmasının dərinləşməsi özünü Ukraynada göstərdi. Azərbaycanın, Ermənistanın, Gürcüstanın NATO ilə əməkdaşlığa dair razılaşmaları var. Azərbaycan NATO-nun bir sıra tədbirlərində iştirak edib. Amma Azərbaycan hələ NATO-ya üzv olmaq istəyini bildirməyib. Ona görə də NATO-Rusiya arasında mövcud qarşıdurmanın Azərbaycana ciddi təsiri olmayacaq. Sadəcə olaraq Azərbaycan müstəqil siyasət yürütdüyündən və xüsusən Ukraynada müharibəyə qarşı çıxdığından, ölkənin suverenliyini dəstəklədiyindən, eləcə də ukraynalılara humanitar yardım etdiyindən Moskva Azərbaycanın mövqeyini qəbul etmir. Yəni NATO ilə əməkdaşlıq olmadan belə Azərbaycan və Rusiya arasında müəyyən gərginlik yaşanmaqdadır".
Səkinə Musayeva