00:00:00
Yazar
Nərmin Həşimova
14.05.2026 21:52 59 2 dəq oxuma
Siyasət

Rusiya səfiri Ukraynaya hücumlarla bağlı Macarıstan XİN-ə çağırılıb- ŞƏRH

Rusiya səfiri Ukraynaya hücumlarla bağlı Macarıstan XİN-ə çağırılıb- ŞƏRH

Rusiya ilə Ukrayna arasında davam edən müharibə fonunda regionda gərginlik getdikcə daha da artır. Rusiyanın Ukraynanın qərb bölgələrinə həyata keçirdiyi genişmiqyaslı hava zərbələri beynəlxalq ictimaiyyət narahatlıqla qarşılayıb. Xüsusilə Zakarpatiya və Volınsk vilayətlərində yaşayış məntəqələrinin və strateji infrastrukturun hədəf alınması qonşu dövlətlərin reaksiyasını sərtləşdirib. Bu hadisədən sonra Macarıstan hökuməti Rusiyanın Budapeştdəki səfirini Xarici İşlər Nazirliyinə çağıraraq hücumları qəti şəkildə pisləyib.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Elmir Səftərov bildirib ki, müharibə dövründə bu kimi hadisələrin baş verməsi ehtimal olunan hallardandır:


“Yəni, bir-biri ilə normal münasibətləri olan ölkələr arasında da müəyyən narazılıqların ifadə olunması, qarşı tərəfdən izahat tələb edilməsi və diplomatik xəbərdarlıqların edilməsi təbii prosesdir. Burada diqqətçəkən əsas məqamlardan biri odur ki, Macarıstan hökuməti uzun müddət ərzində Avropa İttifaqının üzvü olmasına baxmayaraq, Rusiyaya qarşı daha balanslı və ehtiyatlı siyasət yürüdürdü. Xüsusilə keçmiş Baş nazir Viktor Orban dövründə Moskva ilə münasibətlər sabit məcrada davam edirdi. Rusiyanın Ukraynanın qərbində, Macarıstanla sərhəddə yerləşən və etnik macarların sıx yaşadığı Zakarpatya vilayətinə pilotsuz uçuş aparatları ilə hücum həyata keçirməsi isə Macarıstan tərəfdə müəyyən narahatlıq yaradıb. Lakin bu hadisəni iki ölkə arasında ciddi siyasi böhran kimi qiymətləndirmək düzgün olmaz. Çünki Rusiya və Macarıstan arasında enerji əməkdaşlığı, iqtisadi əlaqələr və strateji xarakter daşıyan layihələr mövcuddur. Buna görə də Budapeştin addımı daha çox baş verən hadisələrlə bağlı diplomatik narazılığın ifadəsidir. Bu cür hadisələr təkrarlanarsa, tərəflər arasında siyasi etimadın zəifləməsinə səbəb ola bilər. Həmçinin Macarıstanın indiyədək Rusiyaya münasibətdə nümayiş etdirdiyi nisbətən neytral mövqe də dəyişə bilər. Bu isə həm Avropa İttifaqı, həm də NATO daxilində Budapeştin daha sərt mövqeyə yaxınlaşmasına gətirib çıxara bilər. Bununla belə, hazırkı vəziyyətin iki ölkə arasındakı münasibətləri tamamilə dəyişəcəyini söyləmək hələ tezdir. Müharibə dövründə buna bənzər diplomatik gərginliklər tez-tez müşahidə olunur və tərəflər arasında siyasi mesaj xarakteri daşıyır”.


Mehriban Yariyeva

#Rusiya #Macarıstan #münasibətlər #reaksiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər