“Rusiya–Ukrayna müharibəsinin uzanması təhlükəsizlik üçün ciddi təhdidlər yaradır”
Yaxın günlərdə ABŞ və Rusiya nümayəndə heyətləri arasında növbəti diplomatik danışıqların Mayami şəhərində başlaması gözlənilir. Görüşlərdə Rusiya–Ukrayna müharibəsi və Yaxın Şərqdə, xüsusilə İran ətrafında yaranmış vəziyyətin müzakirə ediləcəyi bildirilir.
Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ–Rusiya arasında danışıqların keçirilməsi hazırkı mərhələdə gözlənilməz deyil və gündəmdə əsasən iki əsas mövzu dayanır:
“Bunlardan birincisi Rusiya-Ukrayna müharibəsi, ikincisi isə Yaxın Şərqdə İranla bağlı artan gərginlikdir. ABŞ-nin Rusiya-Ukrayna müharibəsində vasitəçilik təşəbbüsü müəyyən mərhələdə təqdirəlayiq olsa da, hazırda proses çıxılmaz vəziyyətə dirənib. Tərəflərin maksimalist mövqedən çıxış etməsi, kompromisə yaxınlaşmaması və ABŞ-nin təzyiq ritorikasını dəyişməsi danışıqları arxaya salıb. Bu baxımdan Miamidə planlaşdırılan görüşün zəruri olduğunu vurğulayan ekspert hesab edir ki, Vaşinqton Rusiyanın mövqeyini yumşaltmaq üçün yeni təkliflər irəli sürməlidir. İkinci əsas müzakirə mövzusu İran ətrafında cərəyan edən proseslər olacaq. ABŞ və İsrailin İrana mümkün hərbi müdaxilə ssenariləri Rusiyanın maraqları baxımından əlavə risklər yaradır. Çünki Rusiya İranla hərbi-texniki əməkdaşlıq edir, o cümlədən pilotsuz uçuş aparatları və bəzi strateji resurslar alır. İranda mümkün dəyişikliklər Moskvanın regional mövqelərinə ciddi təsir göstərə bilər. Bu danışıqlar ikitərəfli münasibətlərdə tam normallaşma anlamına gəlmir. ABŞ-nin Rusiyanı uzun müddət diplomatik təcrid etməsinə baxmayaraq, son vaxtlar Əbu-Dabi və Türkiyə vasitəsilə keçirilən görüşlər göstərir ki, Vaşinqton Moskvanı yenidən diplomatik müstəviyə qaytarmağa çalışır. Lakin bu mərhələdə dərin əməkdaşlıqdan danışmaq tezdir və bu cür addımlar ABŞ daxilində Trampa qarşı ciddi tənqidlərə səbəb ola bilər. Danışıqların əsas məqsədi beynəlxalq təhlükəsizlik risklərinin azaldılmasıdır. Rusiya–Ukrayna müharibəsinin uzanması regional və qlobal təhlükəsizlik üçün ciddi təhdidlər yaradır. Xüsusilə bir müddət əvvəl Baltikyanı ölkələr və Polşa üçün səsləndirilən risklərin yenidən gündəmə gəlməsi bu cür görüşlərin nə qədər vacib olduğunu göstərir”.
Aytac İbrahimova
