00:00:00
Yazar
Admin User
03.02.2026 16:57 58 2 dəq oxuma
Siyasət

“Rusiya-Ukrayna münaqişəsi artıq qlobal xarakter daşıyır”

“Rusiya-Ukrayna münaqişəsi artıq qlobal xarakter daşıyır”

Rusiyanın Kiyevə gecə hücumları nəticəsində ən azı üç nəfər yaralanıb və bir neçə ərazidə yanğın baş verib. Darnitski rayonundakı bir binanın 26-cı mərtəbəsində baş verən yanğında bir nəfər yaralanıb, Şevçenkivski rayonunda isə hündürmərtəbəli binada baş verən başqa bir yanğında iki nəfər yaralanıb.

 

 

Mövzu ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az”a qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsi artıq regional çərçivədən çıxaraq qlobal xarakter alıb:

 

“Bu, sadəcə Rusiya ilə Ukrayna arasında gedən müharibə deyil. De-fakto Rusiya ilə NATO, eləcə də Rusiya ilə Avropa arasında aparılan bir qarşıdurmadır. Ukrayna isə bu münaqişədə faktiki olaraq poliqona çevrilib. Rusiya öz qarşıya qoyduğu hədəflərə çatmayınca hərbi əməliyyatları dayandırmayacaq. Bu mövqe dəfələrlə Rusiya rəsmilərinin açıqlamalarında ifadə olunub. “Məqsədə çatmaq üçün bütün vasitələr məqbuldur” prinsipi hazırda Rusiya vasitəçiliyi ilə tətbiq edilir. Əvvəllər köhnə hərbi texnikadan istifadə olunurdusa, indi müasir silahlar, dronlar və ballistik raketlərdən maksimum səviyyədə istifadə edilir. Hətta Rusiyanın elə silahları mövcuddur ki, bu gün nə Ukrayna, nə də NATO-nun müdafiə sistemləri onların qarşısını almaq imkanına malik deyil. Münaqişə gedişində hərbi əməliyyatlar Ukraynanın dərinliklərinə doğru irəliləyir”.

 

Azad Məsiyev həmçinin bildirib ki, beynəlxalq ictimaiyyətin, o cümlədən Avropanın mövqeyindən asılı olmayaraq, Rusiya öz maraqlarını həyata keçirməkdə davam edir:

 

“Ukrayna Rusiyanın şərtlərini qəbul edib sülh sazişinə getməyincə, Rusiyanın hərbi maşını dayanmayacaq. Nə ABŞ-nin, nə də Avropa Birliyinin çağırışları bu prosesi dayandıra biləcək. Əgər Ukrayna rəhbərliyi, xüsusilə də Prezident Zelenski reallığı düzgün qiymətləndirib uyğun addımlar atmasa, Ukrayna yeni ərazilərini, o cümlədən Xarkov və Odessa kimi strateji bölgələri itirə bilər. Artıq Rusiya Ukraynanın əsas strateji obyektlərini, xüsusilə enerji infrastrukturunu hədəfə alaraq ölkəni iflic vəziyyətinə salır. Bu münaqişədə hərbi obyektlərlə yanaşı mülki obyektlər də ciddi zərər görür. Ağır silahlardan istifadə zamanı hədəflər dəqiq müəyyən edilmədiyindən, mülki əhali də itkilərə məruz qalır. Xatırlatmaq yerinə düşər ki, 2022-ci ilin ortalarında İstanbul razılaşması mövcud idi. Əgər həmin razılaşma həyata keçirilsəydi, Ukrayna və Ukrayna xalqı bu qədər böyük itkilərlə üzləşməzdi. Lakin Böyük Britaniyanın o zamankı baş naziri Boris Consonun təhriki ilə Zelenski bu sazişdən imtina edib. Nəticədə Ukrayna yeni vilayətləri və əraziləri itirməkdə davam edir. Hesab edirəm ki, Zelenski hakimiyyətdə qaldıqca Ukraynanın ərazi itkiləri daha da arta bilər”.


Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər