00:00:00
Yazar
Admin User
05.02.2026 16:59 59 2 dəq oxuma
Siyasət

“Rusiya Ukraynanın NATO və Avropa Birliyinə üzv olmasına qarşı çıxır”

“Rusiya Ukraynanın NATO və Avropa Birliyinə üzv olmasına qarşı çıxır”

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli sənədin hazır olduğunu açıqlayıb. O bildirib ki, fevralın 4–5-də ABŞ, Rusiya və Ukrayna arasında keçiriləcək üçtərəfli görüşlərdən əvvəl Ukrayna nümayəndə heyəti Vaşinqtonla danışıqlar aparacaq.

 

Mövzu ilə bağlı siyasi şərhçi, jurnalist Azər Həsrət bildirib ki, Rusiya ilə Ukrayna arasında müharibənin dayanması ilk növbədə tərəflərin öz aralarında masa arxasında razılığa gəlməsindən asılıdır:

 

“Əgər tərəflər ortaq məxrəcə gələ bilsələr, ABŞ və Avropa Birliyi də həmin razılaşmalara uyğun hərəkət edəcək. Avropa üçün əsas narahatlıq ondan ibarətdir ki, Rusiyanın Ukraynada uğur qazanması bütövlükdə Avropa Birliyi üçün ciddi təhlükə yarada bilər. Bu səbəbdən müharibənin dayanması və Ukraynanın bu prosesdən zəif mövqedə çıxmaması Avropa Birliyinin öz maraqlarına da uyğundur. Müharibə dayandırılacağı və sülh, yaxud atəşkəs razılaşması əldə ediləcəyi təqdirdə, Avropa Birliyi ölkələrinin Ukraynanın bərpasına dəstək verməsi gözlənilir. Bu istiqamətdə artıq konkret fikirlər səsləndirilib, hətta bəzi ölkələr ayrı-ayrı şəhərlərin bərpasını öz üzərinə götürməyə hazır olduqlarını bildirib. Bu da onu göstərir ki, Avropa Birliyi prosesdən kənarda qalan tərəf deyil. Hazırkı mərhələdə təhlükəsizlik zəmanətlərindən danışarkən daha çox siyasi təminatlar nəzərdə tutulur. Çünki müharibənin dayandırılması ilə bağlı qərar veriləcəyi halda, Rusiyanın əsas şərtlərindən biri Ukraynanın silahlandırılmamasıdır. Rusiya yalnız bu şərtin yerinə yetiriləcəyi halda atəşkəsə razı ola bilər”.

 

Ekspert həm də qeyd edib ki, əgər Qərb ölkələri, o cümlədən ABŞ və Avropa Birliyi Ukraynaya hərbi dəstəyi davam etdirsə, Rusiyanın müharibəni dayandıracağı real görünmür:

 

“Təhlükəsizlik zəmanətləri ilə bağlı konkret öhdəliklər məsələsində tərəflərin mövqeləri ciddi şəkildə fərqlənir. Rusiyanın öz tələbləri var, Ukraynanın isə öz mövqeyi. Rusiya Ukraynanın NATO və Avropa Birliyinə üzv olmasına qarşı çıxır. Ukrayna isə bu məsələlərdə müstəqil qərar vermək hüququndan imtina etmək niyyətində deyil. Eyni zamanda, Ukrayna Qərb ölkələrindən Rusiyanın yenidən mümkün hücumlarının qarşısını almaq üçün praktik və real addımlar atılmasını tələb edir. Bu çərçivədə sülhyaratma qüvvələrinin yerləşdirilməsi və Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi kimi istəklər də gündəmə gəlir. Bütün bu məsələlər üzrə yekun qərarın ABŞ-nin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında əldə olunacaq qarşılıqlı razılaşma əsasında verilməsi mümkündür. Yəni təhlükəsizlik zəmanətləri və öhdəliklər yalnız tərəflər arasında anlaşma olduğu halda həllini tapa bilər. Hazırda isə bu danışıqların hansı nəticə verəcəyini gözləmək lazımdır. Əvvəlki görüşlərdə real irəliləyişin olmaması nəzərə alınarsa, hələlik müsbət nəticələr barədə tələsmək doğru olmaz”.


Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər