Rusiya və ABŞ Ukrayna üzrə sülh danışıqlarını bərpa etməyə razılaşıb
Rusiya Prezidenti Vladimir Putin və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff arasında keçirilən görüşdə Ukrayna müharibəsinin dayandırılması, mümkün sülh sazişinin şərtləri və gələcək təhlükəsizlik mexanizmləri müzakirə olunub.
Kremlin məlumatına görə, tərəflər gələn aydan etibarən ABŞ-ın vasitəçiliyi ilə Ukrayna üzrə üçtərəfli sülh danışıqlarını bərpa etməyə razılaşıblar. Texniki səviyyədə keçiriləcək görüşlər üçün Əbu-Dabi mümkün məkan kimi nəzərdən keçirilir.
Sankt-Peterburqda baş tutan və təxminən üç saat davam edən görüş Vitkoffun Putinlə doqquzuncu görüşü olub. Danışıqlarda Rusiyanın investisiya üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev də iştirak edib. Kreml tərəflərin birgə iqtisadi layihələri də müzakirə etdiyini bildirib.
ABŞ rəsmisinin sözlərinə görə, Ukrayna danışıqlar prosesində yeni ideyalar və təkliflər irəli sürüb. Bununla belə, Kremlin köməkçisi Yuri Uşakov Osloda Vitkoffun Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa rəsmiləri ilə keçirdiyi görüşün nəticələrinin Moskvanı tam qane etmədiyini deyib.
Sülh sazişi ilə bağlı fikir ayrılıqları qalır
Ukrayna və Rusiya arasında mümkün sülh sazişinin şərtləri üzrə ciddi fikir ayrılıqları davam edir. Moskvanın əsas tələbləri arasında Donetsk vilayətinə tam nəzarət və Ukraynanın NATO-ya üzvlüyündən imtina etməsi yer alır. Kreml müvəqqəti atəşkəsdənsə, tam sülh sazişinə üstünlük verdiyini bildirir.
ABŞ Prezidenti Donald Tramp isə müharibənin başa çatdırılması üçün Kiyevə təzyiqləri artırıb. O, çərşənbə günü Ukraynanın münaqişəni dayandırmaq vaxtının çatdığını, əks halda ciddi nəticələrlə üzləşə biləcəyini bildirib.
Görüşdə İran məsələsi də müzakirə olunub. Putin Rusiyanın Tehranla uzunmüddətli münasibətlərindən ABŞ-ın İranın nüvə proqramı ilə bağlı narahatlıqlarının aradan qaldırılması üçün istifadə edə biləcəyini deyib. Həmçinin Rusiyanın ABŞ-a kənd təsərrüfatı məqsədilə gübrə tədarükü imkanları nəzərdən keçirilib.
Kreml gələn ay Çində Tramp, Putin və Çin Prezidenti Si Tszinpinin iştirakı ilə mümkün görüşün də müzakirə olunduğunu açıqlayıb.
ABŞ-Ukrayna münasibətlərində gərginlik
Danışıqlar ABŞ ilə Ukrayna arasında kəşfiyyat məlumatlarının paylaşılması və peyk rabitəsi ilə bağlı narahatlıqların artdığı bir vaxta təsadüf edib.
Ukrayna son günlər kəşfiyyat məlumatlarının ötürülməsində fasilələr və ABŞ-ın kosmik rabitə sistemlərindən istifadədə çətinliklər yarandığını bildirib. Zelenski Osloda keçirilən görüşdə bu məsələlərin həlli ilə bağlı razılıq əldə olunduğunu deyib.
“The Wall Street Journal” nəşri ABŞ rəsmilərinə və məsələ ilə tanış şəxslərə istinadən İlon Maskın Ukraynanın Rusiya raket hücumlarını izləmək üçün istifadə etdiyi “Starlink” xidmətinin hərbi versiyasının sürətinin azaldılması barədə göstəriş verdiyini yazıb. “Reuters” bu məlumatı müstəqil şəkildə təsdiqləyə bilməyib.
Mask belə bir qərarın ABŞ hərbçiləri və ya prezident tərəfindən qəbul edildiyini bildirib. Tramp məsuliyyət daşımadığını deyib, ABŞ dövlət katibi Marko Rubio isə Vaşinqtonun Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmadığını vurğulayıb.
Reuters
Ayşə Cəfərova