00:00:00
Yazar
Admin User
03.02.2026 17:21 22 4 dəq oxuma
Siyasət

Rusiya XİN xəbərdarlıq edib: Qərbin hərbi fəaliyyəti Ukraynada necə qiymətləndirilir?

Rusiya XİN xəbərdarlıq edib: Qərbin hərbi fəaliyyəti Ukraynada necə qiymətləndirilir?

Son açıqlamalarda Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Qərb ölkələrinin hərbi kontingentləri və ya obyektlərinin Ukraynada yerləşdirilməsi xarici müdaxilə kimi qiymətləndiriləcək. Bu xəbər yalnız region üçün deyil, həm də qlobal siyasət və təhlükəsizlik kontekstində əhəmiyyətlidir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Milli Məclis deputatı Azər Allahverənov bildirib ki, vaxtaşırı Rusiyanın xarici işlər naziri faktiki olaraq Qərbin Ukraynaya göstərdiyi hərbi dəstək və bütövlükdə bu istiqamətdə olan fəaliyyəti ilə bağlı çox kəskin fikirlər səsləndirir:

 

“Yəni ən azından nəzərə alsaq ki, artıq dörd ildir müharibə gedir və bu müharibə dönəmində dəfələrlə olub ki, Qərbin hərbi kontingentinin və ya hansısa bir obyektlərinin fəaliyyətinin qurulması ilə bağlı Ukrayna ərazisində fikirlər mediaya ötürülüb. Hətta bəzi ölkələr faktiki olaraq, göstərdiyi hərbi dəstəklə yanaşı, həm də təlimçilərin hərbi mütəxəssislərin də bu prosesə cəlb olunması barədə məlumat veriblər. Amma təbii ki, daha geniş kontekstdə hərbi kontingent və ya hərbi obyektlə bağlı olan məlumatlar dərhal Rusiya vasitəsilə çox kəskin qarşılanıb və Rusiya faktiki olaraq hansısa Qərb ölkəsinə məxsus olan hərbi kontingentin hərbi əməliyyatlarda iştirak edəcəyini əldə əsas götürərək həmin ölkənin hərbi obyektlərinin özünün potensial və ya legitim hədəfi kimi də göstərəcəyini bildirib. Amma bu təbii ki, güc nümayişidir və burada söhbət əgər Qərb ölkələrinə məxsus hərbi kontingentdən gedirsə, təbii ki, daha lokal şəkildə biz instrukturları, məsləhətçilərin və ya mütəxəssisləri Ukraynanın silahlı qüvvələrinin tərkibində bu və ya digər formada xidmət göstərdiyini bilirik. O baxımdan ki, bu barədə informasiya vaxtaşırı informasiya mühitində geniş yayımlanmaqdadır. İndi burada muzdlular da, xarici ölkə vətəndaşlarının da burada könüllü şəkildə hərbi əməliyyatlarda iştirak etməsi barədə məlumat yayılmaqdadır. Amma istənilən halda söhbət sistemləşdirilən kompleks hərbi dəstək, hərbi kontingent səviyyəsində silahlı qüvvələrin yeridilməsindən gedirsə, təbii ki, bu məsələdə Qərb ölkələri çox tərəddüd edirlər. Hətta zamanında Fransanın legionunda məhz hərbi kontingent qismində, Ukrayna ərazisinə yeridilməsi və nəinki hansısa infrastrukturların qorunması, hətta konkret olaraq cəbhə bölgəsində də xidmət çəkmələri barədə fikirlərin dilə gətirildiyinin şahidi olmuşuq. Amma Rusiyanın kəskin etirazından sonra Fransanın bu fikrindən daşındığını da görmüşük. Bu ondan xəbər verir ki, istənilən halda Qərbin Ukraynaya göstərdiyi hərbi dəstək ilə nəticələnir. Kontingent və ya hərbi obyektin açılması və digər məsələlər, böyük ehtimalla deyə bilərəm ki, hələlik sadəcə olaraq bir fikirdir. Çünki bilirlər ki, belə olduğu təqdirdə digər kontur addımlara əl ata bilər”.

 

Deputat eyni zamanda bildirib ki, söhbət NATO-ya üzv ölkələrin bu prosesdə iştirakından gedirsə, həmin ölkələr Rusiya üçün legitim hədəf seçilərsə bu NATO-ya hücum kimi də dəyərləndirilə bilər:

 

“Belə olduğu təqdirdə Rusiya qarşısında NATO-nu görər və bu eskalasiyanın ən pik həddə çatacağından xəbər verən bir haldır. Ona görə də düşünmürəm ki, Rusiya-Ukrayna müharibəsinin həll olunması və bununla da bağlı danışıqların aparılması fonunda belə bir sərt ritorikanı Qərb sərgiləyən olsun, amma Rusiyada bəzi prosesləri dəyərləndirərək
özünün bununla bağlı etirazını səsləndirməkdən çəkinmir və nəticə etibarı ilə müharibənin məhz iki dövlət arasında aparılmasını görürük. Kursk vilayətində faktiki olaraq Rusiya vasitəsilə Şimali Koreyadan gətirilən hərbi birləşmələrin hərbi əməliyyatlarda iştirak etdiyini də eşitdik və hətta Kursk istiqamətində qazanılan uğur məhz Şimali Koreyadan gətirilən hərbi birləşmələr sayəsində
baş verib . Amma burada söhbət əgər konkret olaraq Ukrayna ərazisinə hərbi birləşmələrin yeridilməsindən gedirsə, amma hipotetik olaraq təbii ki, hərbi kontingentin yeridilməsi bu balansın regionda balansın Ukraynanın xeyrinə dəyişməsinə gətirib çıxarda bilər. Amma belə olduğu təqdirdə hərbi əməliyyatların miqyasının böyüməsi və Rusiya üçün Qərbdə yeni hədəflərin göstərilməsi məsələsi artıq praktiki müstəvidə reallaşa biləcək bir məsələdir. Bütövlükdə bu iki dövlət arasında gedən müharibənin kimin xeyrinə dəyişəcəyinə gətirib çıxara bilər ki, bu da bir qədər çətin məsələdir. Çünki söhbət hərbi kontingentdən, hərbi obyektdən gedirsə, təbii ki, bunu da konkret olaraq şərtləndirən bəzi məsələlər var. İstənilən halda diplomatik müstəvidə gedən danışıqlar bir daha ondan xəbər verir ki, hər iki tərəf bir növ müharibənin dayandırılmasında maraqlı olduğunu dilə gətirməyə çalışır. Amma hər bir tərəfin öz şərtləri əsasında bu şərtlər hər iki tərəfi qane edəcək şərtlər təqribən 90 faiz, amma qane etməyən 10 faizdir. 10 faiz də kritik şərtlərdir. Bunlar mütləq şərtlərdir ki, 10 faizlə bağlı olan razılıq əldə olunmadığı təqdirdə hər hansı bir formada atəşkəsin əldə olunmasından belə söhbət gedə bilməz. Düzdür, sülh müqaviləsinin imzalanmasına hələ çox var, amma ona qədər atəşkəsin əldə olunması üçün tərəflər arasında hazırda diplomatik kanallar üzərindən aparılan danışıqlar təbii ki, müəyyən bir müsbət nəticələrlə başa çatarsa, belə olduğu təqdirdə ən azından tərəflərin apardıqları hərbi əməliyyatların bir qədər səngidiyini görə bilərik. Amma hələlik, döyüş meydanında vəziyyət diplomatik müstəvidəki vəziyyətdən tamamilə fərqlidir. Amansız döyüşlər gedir, ayrı ayrı şəhərlər uğrunda Kupyansk, Bakovsk və digər istiqamətlərdə və bu da gün ərzində çox böyük tələfatlarla müşayiət olunan bir proseslərdir”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər