Rusiya yeni səfərbərliyə hazırlaşır? - ŞƏRH
Rusiya Ukraynada müharibəni davam etdirmək üçün canlı qüvvə çatışmazlığı ilə üzləşərkən, ölkədə yeni səfərbərlik dalğasının başlayacağı ilə bağlı iddialar gündəmə gəlib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, seçki bitəndən dərhal sonra Rusiyada əvvəl dedilər ki, 500 min yeni canlı qüvvə Ukrayna müharibəsi üçün səfərbər ediləcək və hətta sonrakı məqamlarda artıq bunun 800 min, bir milyona yaxın olacağı deyildi:
“Biz də bununla bağlı həyəcan təbili çalmışıq. Xüsusilə, Azərbaycandan oğlanları Rusiyaya oxumağa göndərənlərə çağırış etdik ki, etməyin. Rusiyanın özündə rusları faktiki olaraq səfərbər etmirlər. Qeyri-rus millətlərini müharibəyə göndərirlər. Bu da Rusiyanın qeyri-ruslara qarşı soyqırım həyata keçirməsinin bariz sübutudur. Xarici ölkə vətəndaşlarını, xüsusilə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Tacikistan vətəndaşlarını küçələrdə yaxalayıb məcburi müharibəyə göndərirlər. Adını da qoyurlar ki, guya könüllü getdi”.
Siyasi şərhçinin sözlərinə görə, ruslardan rus icması düzəldib ölkənin hər yerinə yayıblar:
“Faktiki olaraq rus milləti başqa millətlərin təpəsinə çıxarılıb, onun hesabına da hakimiyyət duruş gətirə bilir. Digər xalqlar isə az sayda, pərən-pərən olduqlarına görə ciddi bir mübarizə ortaya qoya bilmirlər. Amma biz görürük ki, qeyri-rus respublikalarında, əməli-başlı azadlıq ab-havası var. İnsanlar Rusiyanın işğalından azad olub müstəqil dövlət qurmaq iddiasındadırlar. Rusiya da onları zor gücünə yerinə oturtmağa çalışır”.
Selcan Xudiyeva