00:00:00
Yazar
Güllər Gülhüseynova
23.03.2026 21:05 94 2 dəq oxuma
Siyasət

Rusiyadan ABŞ-yə İranla bağlı gözlənilməz təklif

Rusiyadan ABŞ-yə İranla bağlı gözlənilməz təklif

ABŞ Ukraynaya Rusiyaya dair kəşfiyyat məlumatları verməyi dayandırsa, Kreml də Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinin dəqiq yerləri ilə bağlı informasiyaları İrana ötürməyi dayandıracaq.

 

Bu barədə “Politiko”ya gizli mənbələr məlumat verib.

 

Nəşr qeyd edib ki, həmin təklifi keçən həftə Mayamidə keçirilən görüşdə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ administrasiyasının nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerə çatdırıb. Məlumata görə, ABŞ təklifi rədd edib. Buna baxmayaraq, belə bir təklifin mövcudluğu Avropa diplomatları arasında narahatlıq yaradıb.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, bu proses ABŞ-nin müttəfiqlərlə münasibətlərində etimad böhranını dərinləşdirə bilər:

 

“Mətbuatda yayılan məlumatlara görə, Rusiya sanki bir fürsət əldə edib. İrana kəşfiyyat məlumatlarının verilməsinə dair xəbərlər ABŞ-ni ciddi şəkildə narahat edir. Hələlik bu məlumatları Rusiya, yoxsa Çinin, yaxud hər ikisinin birlikdə verdiyi dəqiq deyil. Amma bütün hallarda Rusiyanın belə bir təklif irəli sürməsi, əslində Ukraynadan gələn təhlükəni neytrallaşdırmaq və cəbhədəki vəziyyəti yüngülləşdirmək istəyidir. Amerikalıların bu məsələyə "yox" deməsi də xüsusi diqqət çəkir. Yəni Amerika hazırda müttəfiqlərinin mövqeyindən narahatdır. Hörmüz boğazı məsələsində Avropa ölkələri ona lazımi dəstəyi vermirlər. Belə bir şəraitdə ABŞ-nin Rusiya ilə bir araya gəlməsi və uzlaşması mümkün kimi görünürdü. Lakin ABŞ buna etiraz edibsə, bu o deməkdir ki, Rusiyanın vəziyyətinin yüngülləşməsi Amerikanın strateji maraqlarına uyğun deyil.
Digər tərəfdən, Amerika belə bir razılığa gedərsə, bu, NATO ölkələri ilə münasibətləri ciddi şəkildə zədələyər. Onsuz da Avropa ilə Amerika arasında müəyyən bir çat yaranır və ümumiyyətlə, NATO-nun gələcəyi ilə bağlı narahatlıqlar artır. Bu da həmin istiqamətdə daha ciddi bir addım olar. Bəlkə də Rusiyanın əsas istəyi elə budur ki, Amerikanı Rusiya-Ukrayna müharibəsindən kənarda saxlasın və ABŞ ilə Avropanın arasına girsin. Hətta bu informasiyanın yayılmasının özü belə müttəfiqlər arasında etimadsızlıq yaratmaq cəhdi kimi dəyərləndirilə bilər. Ola bilsin, Kirill Dmitriyev də məhz bu təklifi verəndə düşünüb ki, baş tutarsa, Ukrayna Amerikanın kəşfiyyat məlumatlarından məhrum olar. Baş tutmasa belə, hər halda informasiyanın yayılması müttəfiqlər arasında etimadsızlıq mühiti yaradacaq. Bunu bir informasiya virusu kimi də qiymətləndirmək olar. Hər halda, belə bir anlaşmanın olması Avropa ilə Amerika arasındakı narazılığı daha da dərinləşdirə bilər”.

 

Lalə Qurbanlı

#Rusiya #ABŞ #İran #Siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər