“Rusiyanın səfirliyimizə zərər vuran hücumu beynəlxalq hüququn pozulmasıdır”- Politoloq
Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi raket və dron hücumları təkcə hərbi və strateji obyektləri deyil, diplomatik nümayəndəlikləri də təhlükə altına salır. Son hücumlar zamanı Azərbaycanın Kiyevdə yerləşən səfirliyinin binasına ziyan dəyməsi beynəlxalq hüquq və diplomatik toxunulmazlıq məsələlərini yenidən gündəmə gətirib. Hücum nəticəsində səfirlik binasının pəncərələrinin sınması və bundan əvvəl də oxşar hadisələrin baş verməsi bölgədə təhlükəsizlik vəziyyətinin nə qədər gərgin olduğunu göstərir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Rusiya ordusunun Ukraynaya qarşı həyata keçirdiyi raket və dron hücumu zamanı Kiyevdəki səfirliyimizin binasına zərər vurulması beynəlxalq hüququn pozulmasıdır və qəbuledilməzdir:
“Əgər izah olunsa ki, bu qəsdən yox, qeyri-ixtiyari baş verib, təbii ki, üzrxahlıq olunmalı, təzminat ödəməlidir. Məlumdur ki, Azərbaycan hər zaman belə məsələlərdə hüquqların bərpasına nail olur və təmkinli davranır. Təbii ki, ilkin olaraq etiraz notası verilə bilər və izahata tələb oluna bilər. Lakin artıq belə halların mütəmadi xarakter alması yolverilməzdir və ehtiyatsızlıqdan baş vermə ehtimalını azaldır. Bütün hallarda Rusiyanın bu addımı pislənməlidir. Əlavə təxribatlara yol açmaqda bəlkə də maraqlı olan Rusiyanın müəyyən siyasi dairələri xəbərdar edilməlidir. Bütün hallarda siyasi təmkin və diplomatik üsullar şərtdir”.
Mehriban Yariyeva