Rütte Trampın Qrenlandiya ilə bağlı planlarını şərh etməkdən imtina edib
NATO-nun Baş katibi Mark Rütte Qrenlandiyanın siyasi gələcəyini müzakirə etmək və ya bu məsələ ilə bağlı hər hansı öhdəlik götürmək səlahiyyətinin olmadığını bildirib və müvafiq danışıqların ABŞ, Danimarka və ada rəhbərliyi tərəfindən aparıldığını vurğulayıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ-nin Qrenlandiyaya marağı təkcə coğrafi deyil, həm də hərbi, iqtisadi və geosiyasi amillərlə izah olunur:
“Arktika bölgəsində buzlaqların əriməsi yeni dəniz marşrutlarını və zəngin təbii ehtiyatlara çıxışı aktuallaşdırır. Qrenlandiya isə nadir torpaq elementləri, enerji resursları və Şimali Atlantiklə Arktikanı birləşdirən strateji mövqeyi baxımından Vaşinqton üçün xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, ABŞ burada yerləşən Pituffik Space Base vasitəsilə raket xəbərdarlığı və kosmik müşahidə imkanlarını gücləndirir. Bu səbəbdən Vaşinqtonun Qrenlandiyaya marağı uzunmüddətli qlobal rəqabət, xüsusilə, Arktikada Rusiya və Çin təsirinin balanslaşdırılması strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Bununla yanaşı, məsələ transatlantik münasibətlərdə müəyyən gərginlik potensialı da daşıyır. Qrenlandiya Danimarka Krallığının tərkibində muxtar ərazi olduğundan, ABŞ rəsmilərinin bu mövzuda verdiyi bəyanatlar Kopenhagendə və Avropa müttəfiqləri arasında həssas qarşılanır. Mark Ruttenin məsələni şərh etməkdən yayınması da NATO-nun alyans daxilində fikir ayrılığı görüntüsü yaratmamaq istəyindən irəli gələ bilər. Bununla belə, ABŞ və Avropa ölkələrinin ortaq təhlükəsizlik maraqları, xüsusilə Arktikada artan rəqabət fonunda, tərəfləri açıq qarşıdurmadan daha çox diplomatik koordinasiyaya üstünlük verməyə sövq edir. Buna görə də mövcud mərhələdə bu məsələ ciddi böhran yaratmaqdan daha çox, müttəfiqlər arasında strateji yanaşma fərqlərini üzə çıxaran mövzu kimi qiymətləndirilə bilər”.
Səadət Əlizadə