Səbinə Salmanova: Avropa institutları konkret maraq qruplarının təsiri altındadır
Luis Okampo ilə bağlı yayılan videomateriallarda bu şəxsin Azərbaycana qarşı kampaniyada iştirakını və bu fəaliyyətin təşkilati strukturunu dolayısı ilə etiraf etməsi ciddi suallar doğurur. Söhbət artıq “insan hüquqları” ritorikasından deyil, konkret sifarişli siyasi fəaliyyət və lobbiçilik şəbəkəsindən gedir. Bu cür etiraflar beynəlxalq institutların obyektivliyinə ciddi kölgə salır. Kampaniyanın ən kritik tərəfi onun maliyyə dayaqlarıdır.
Videomateriallarda Rusiyada fəaliyyət göstərən bəzi erməni mənşəli biznes dairələrinin bu prosesə maliyyə dəstəyi verdiyi açıq şəkildə ortaya qoyulur. Məqsəd isə uzunmüddətli informasiya təzyiqi və siyasi təsir mexanizmi formalaşdırmaqdır.
"İnformator.az" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Səbinə Salmanova bildirib ki, yayılan materiallar yalnız Azərbaycana qarşı fəaliyyətlə məhdudlaşmır, Ermənistanın daxili siyasi proseslərinə müdaxilə elementləri də açıq şəkildə görünür: “Xüsusilə Baş nazir Nikol Paşinyan əleyhinə siyasi planların müzakirəsi region üçün ciddi təhlükə siqnalıdır. Bu, artıq bir ölkənin daxili işlərinə birbaşa müdaxilə və siyasi sabitliyi pozmaq cəhdidir”.
Deputat qeyd edib ki, Avropa Parlamenti daxilində lobbiçilik və təsir mexanizmlərinin bu dərəcədə ifşa olunması ciddi narahatlıq doğurur: “Bəzi hallarda Avropa institutları öz rəsmi mövqelərindən uzaqlaşaraq konkret maraq qruplarının təsiri altına düşür. Bu proses Avropa dəyərləri və demokratik prinsiplərlə bağlı suallar yaradır və beynəlxalq ictimaiyyət üçün ciddi çağırışdır. Avropa Parlamenti 30 aprel tarixində qəbul edilən qətnamə də bu ümumi kampaniyanın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Həmin sənədin məzmunu və istifadə olunan siyasi ritorika göstərir ki, bu qərar obyektiv qiymətləndirmənin nəticəsi deyil, əvvəlcədən hazırlanmış siyasi xəttin davamıdır. Bu isə Avropa institutlarının qərarvermə prosesində maraq balansının pozulduğunu göstərir. Milli Məclisin qəbul etdiyi qərar isə Azərbaycanın milli maraqlarının müdafiəsində qətiyyətli və prinsipial yanaşmanı nümayiş etdirir. Bu, aydın siyasi mesajdır. Azərbaycan heç bir xarici təzyiq və ya informasiya manipulyasiyası qarşısında geri çəkilməyəcək”.