Sənədlər hazırlanır: Zəngəzur dəhlizi qlobal güclərin rəqabət meydanında - ŞƏRH
Xarici işlər naziri Ceyhun Bayramov Zəngəzur dəhlizi ilə bağlı proseslərdən danışıb. Nazir jurnalistlərə açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsi ilə bağlı əldə olunmuş razılaşmaya əsasən, bu prosesdə Amerika Birləşmiş Ştatları da iştirak edir. Bu istiqamətdə, ilk növbədə, danışıqlar ABŞ ilə Ermənistan arasında aparılır. Çünki söhbət Ermənistan ərazisindən gedir. Eyni zamanda, reallıq ondan ibarətdir ki, həmin dəhlizin həm giriş, həm də çıxış nöqtələri Azərbaycan Respublikasının ərazisidir.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun açıqlamalarından aydın olur ki, Zəngəzur dəhlizi rəsmi sənədlərə uyğun olaraq bütün kommunikasiyalar üzrə mühüm keçid rolunu oynayacaq. Bu marşrut həm dəmir və avtomobil yolu tranzitini, həm elektrik xətlərini, həm də perspektivdə boru kəmərlərini əhatə edə bilər.

Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib.
Millət vəkili Zəngəzur dəhlizinin regional inteqrasiya üçün çoxşaxəli bir infrastruktur mərkəzinə çevriləcəyini bildirib:
“Məhz bu geniş potensialına görə, strateji regional layihənin fəaliyyətə başlaması bütün region ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. Dəhlizin Azərbaycan üçün xüsusi strateji əhəmiyyəti var, çünki dəhlizin həm giriş, həm də çıxış nöqtələri Azərbaycan Respublikasının ərazisindədir. Zəngəzur dəhlizini cəlbedici edən əsas amil, şübhəsiz ki, onun Çindən Avropaya uzanan ən qısa və iqtisadi baxımdan ən səmərəli marşrut olmasıdır. Eyni zamanda, bu dəhlizin böyük bir hissəsinin Türk dövlətlərinin ərazilərindən keçməsi layihənin geosiyasi əhəmiyyətini daha da artırır”.
Deputatın sözlərinə görə, Türküstan coğrafiyası dövlətləri layihədə sadəcə tranzit funksiyası yerinə yetirməklə kifayətlənməyəcək, həm də əsas yük tədarükçüsü kimi çıxış edəcəklər. Bu da dəhlizin iqtisadi cəlbediciliyini artıran əsas amillərdən olacaq:
“Bu prosesdə Türk Dövlətləri həm iqtisadi, həm də siyasi qüvvə kimi ən etibarlı tərəfdaş rolunda çıxış edərək, marşrutun təhlükəsizliyini təmin edəcəkdir. Məhz bu kontekstdə, qlobal güclərin dəhlizə olan marağı olduqca böyükdür. Nəticə etibarilə, Türküstan coğrafiyasında yerləşən dövlətlər bu dəhlizdə sadəcə tranzit funksiyasını yerinə yetirməyəcəklər ; onlar həm də dəhlizin davamlı işləməsi və yüklə təmin olunması üçün əsas mənbə rolunu oynayacaqlar. Bu amil dəhlizin iqtisadi cəlbediciliyini ikiqat artırır”.
Hikmət Babaoğlu ABŞ-nin bu prosesdə aktiv iştirakını regiondakı ciddi geosiyasi rəqabətlə əlaqələndirib. Onun sözlərinə görə, Avropa İttifaqı və digər güclərin maraq göstərdiyi bu layihədən ABŞ kimi bir qlobal gücün kənarda qalması qeyri-mümkündür:
“Avropa İttifaqının diqqət mərkəzində olan və yeni əməkdaşlıq mərkəzi kimi dəyərləndirilən region məhz Türküstan coğrafiyası və buradakı Türk dövlətləridir. Belə olan halda, ABŞ kimi qlobal bir gücün layihədən kənarda qalması qeyri-mümkündür. Regionda geosiyasi maraqlar uğrunda ciddi rəqabətin getdiyini nəzərə alsaq, Vaşinqtonun bu dəhlizə göstərdiyi böyük marağı və prosesdəki aktiv iştirakınının səbəbini aydın görmək olar. ABŞ-nin bu prosesə cəlb olunması həm iqtisadi, həm də siyasi təhlükəsizlik baxımından vacibdir. Söhbət Ermənistan ərazisindən keçən marşrutdan getdiyi üçün bu reallıq ABŞ-Ermənistan münasibətləri kontekstində qiymətləndirilməlidir. Bütövlükdə isə mövcud vəziyyət regionun ümumi inteqrasiyası üçün əlavə və güclü bir siyasi amil formalaşdırır”.
Zəri Bayramlı