00:00:00
Yazar
Admin User
21.11.2025 18:22 138 4 dəq oxuma
Mədəniyyət

Sözün görüş yeri

Sözün görüş yeri

Ədəbiyyat təkcə yazılan söz deyil, həm də o sözü anlayan və yaşayan insanla-yəni oxucu ilə yazıçı arasında qurulan körpüdür.

 

Son illər Azərbaycanda müxtəlif məktəblərdə, universitetlərdə və kitabxanalarda yazıçı-oxucu görüşləri keçirilməyə başlanıb. Bu görüşlər gəncləri kitab dünyasına yaxınlaşdırır, onları yazı prosesinin arxasında duran düşüncə ilə tanış edir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında detektiv yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elxan Elatlı bildirib ki, son vaxtlar yazıçılarla görüşlər çoxalıb:

 

“Bu müsbət bir haldır. Şəxsən mənim üçün noyabr ayı tədbirlərlə doludur. Belə görüşlərin oxuvular üçün əhəmiyyəti var. Oxucular sevdikləri yazıçıları görürlər, sevinc, fərəh hissi yaşayırlar. Həyatlarının ən gözəl günü kimi, xatirə kimi saxlayırlar, çəkdikləri fotoları tanışlarına göstərirlər. Oxucular burada mütləq nə isə qazanırlar. Yazı prosesinin arxasında duran yazı sirlərinə agah olurlar. Məlum məsələdir ki, imza saatlarına mədəni insanlar yığışırlar. Burada onlar bir-birləri ilə tanış olurlar və özlərini çox gözəl bir aurada hiss edirlər. Oxucu yazıçı görüşləri ölkəmizin mədəniyyət mühitinə, sözsüz ki, böyük töhfələr verir və hətta mən deyərdim ki, insanlarımızın mədəni inkişafına elə ən gözəl, ən böyük töhfəni məhz bu kitabla bağlı tədbirlər, kitab sərgiləri, yazıçılarla görüş, imza saatları verir. Çünki mədəniyyətin başında kitab, ədəbiyyat durur. Bu tədbirlərdən gənc yazarlarımız da ruhlanırlar, ədəbiyyata gələnlərin sayı çoxalır. Onlar da istəyirlər ki, gözəl əsərlər yazsınlar, başına bu cür oxucular yığışsın. Yeni tanışlıqlar yaranır və bütövlükdə xalqın mədəniyyəti inkişaf edir. Mədəniyyət inkişaf etdikcə gənclərin asudə vaxtı səmərəli keçir, zərərli vərdişlərdən uzaq olurlar, dünyagörüşləri artır, insanla ünsiyyət forması gözəlləşir və bunlar hamısı bütövlükdə xalqımızın mədəniyyətini inkişaf etdirir. Kitab oxuyanların sayı artdıqca hər şey daha gözəl olacaq və xalqımız ən öndə gedən mədəni, intellektual xalqlardan biri olacaq”.

 

Müsahibimiz həmçinin bildirib ki, bu cür görüşlər təbii ki, gənclərin ədəbiyyata marağını artırır:

 

“Burada təkcə görüşə gəlib yazıçı ilə ünsiyyətdə olanları nəzərdə tutmuram. Məsələn, son vaxtlar belə bir maraqlı ənənə də formalaşıb. Şəxsən məni oxuvularla görüşə bir neçə ən böyük ticarət mərkəzləri dəvət edib və ticarət mərkəzinin öz içində səhnə qurulur. 300-dən çox oxucu məhz mənə görə gəlirsə, ətrafıma yığılıb məni dinləyirsə, yüzlərlə, bəlkə də minlərlə alış-verişə gələn insanlar da ordan keçir. Yazıçının səsini eşidir, o insanların ora niyə yığıldığı ilə maraqlanır və kitaba qarşı laqeyd olan insanların içində fərqli bir hiss formalaşmağa başlayır. Yəni onlar kitabın heç də düşündükləri kimi əhəmiyyətsiz, lazımsız bir şey olmadığını anlayırlar. Kənardan keçən gənclərin özündə də bir maraq formalaşır. Məni adətən çox sayda universitetlərə tələbələr özləri dəvət edir, tələbələrin dəvətini heç vaxt yerə salmıram gedirəm. Burada yalnız məni sevənlər, oxucular yığışır. Demək olar ki, Bakıdakı bütün akademiyalarda-hərbi akademiyadan tutmuş, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kimi bir çox akademiyalarda görüş olub. Məsələn, əgər görüşlərdə mənim 100 oxucum varsa, böyük akt zalına yığılan 300, 400 başqa kursantlar da məni dinləyir. Onların içində yeni oxucular yaranır, maraqlanıb kitabları oxumağa çalışırlar. Yazıçı ilə görüşdə gənclərin ədəbiyyata marağı məsələsində bir nüansa da toxunum ki, burada yazıçının şəxsiyyətindən də çox şey asılıdır. Belə ola bilər ki, hətta bir gənc bir yazıçının əsərlərini maraqla oxuyubsa, onun görüşünə gələndə onun danışığından, rəftarından bir qədər uzaq düşə bilər. Yəni elə ola bilər ki, ondan sonra daha onun kitablarını oxumaz. Yəni hansısa xoşagəlməz xarakterin kəşf edər. Məsələn, şəxsən mən oxucularımla həmişə çox xoş münasibətdə oluram. Həmişə nəzərə alıram ki, uzaq yerdən mənim görüşümə gəlib məni dinləmək, mənimlə danışmaq istəyirlər. Onları çox xoş qarşılayıram.

 

Baxmayaraq ki, bəzən təşkilatçılar qadağa qoyur ki, yalnız bir kitab imzalansın, bəzən oxucu sayı həddən artıq çox olanda deyirlər ki, yazıçı yalnız imza atacaq, kitaba ad yazmayacaq. Mən bununla razılaşmıram. Nə qədər kitab gətirsələr də imzalayıram, onları xoş yola salıram. Keçən il Expo mərkəzində keçirilən beynəlxalq sərgidə 400-dən çox oxucunun kitabını o şəkildə imzaladım. Burada bir yazıçı-oxucu münasibətilə paralel bir doğmalıq da yaranıb. Bunlar ondan sonra daha maraqla kitablarımı oxumağa çalışırlar, hətta evdə o qədər xoş sözlər danışırlar ki, özləri ilə gətirdikləri azyaşlı uşaqların mənə olan münasibəti, sevgisi mənə bəzi məsələləri anladır. Başa düşürəm ki, bu ailədə yazdığım kitablardan və mənim özümdən nə qədər xoş söhbətlər olub ki, uşaqda mənə qarşı sevgi yaranıb. Bu yazıçı-oxucu görüşləri, imza saatlarını, çoxaltmaq lazımdır. Təəssüf ki, hər rayonda bu məsələyə isti münasibət yoxdur. Mən çox arzu edərdim ki, bütün rayonlarda olsun. Məsələn, Quba, Xaçmaz, Şabran və Qusar rayonlarından nə qədər oxucular görüşümə gəlib və bunları gəlməyənlər də Quba şəhərində yaşayanlar görürdülər və sual verəndə onlara məlum olur ki, bura kitaba görə yığışıblar və insanların şüurunda müəyyən bir dəyişiklik edir”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər