00:00:00
Yazar
Banuçiçək Məmmədova
16.03.2026 19:33 69 3 dəq oxuma
Sosial

Sərnişinlərin rahatlığı təhlükədə: Avtobusların içindəki natəmizlik problemi

Sərnişinlərin rahatlığı təhlükədə: Avtobusların içindəki natəmizlik problemi

İctimai nəqliyyat hər gün minlərlə insanın istifadə etdiyi əsas vasitələrdən biridir. Lakin bəzi avtobuslarda müşahidə olunan səliqəsizlik: natəmiz oturacaq parçaları, yerə atılan zibillər və kirli şüşələr sərnişinlərin narazılığına səbəb olur. Bu vəziyyət həm gigiyena, həm də ümumi xidmət keyfiyyəti baxımından ciddi suallar doğurur. Sərnişinlər daha təmiz və rahat şəraitdə səyahət etmək istədiklərini bildirirlər. Məsələ isə yalnız təmizliklə məhdudlaşmır, həm də ictimai nəqliyyata münasibətin göstəricisinə çevrilir.

 

Mövzu ilə bağlı “İnformator.az” sərnişinlərin rəyini öyrənib:

 

Sərnişin Adil Rzazadə bizimlə fikirlərini bölüşüb:

 

“Demək olar ki, hər gün universitetə avtobusla gedirəm və çox zaman bu cür hallarla qarşılaşıram. Bu vəziyyət həm narahatlıq yaradır, həm də insanın avtobusdan istifadə etmək həvəsini azaldır”.

 

İşə getmək üçün avtobusdan istifadə edən sərnişin Günel Yüzbaşlı da rəy bildirib:

 

“Hər səhər işə avtobusla gedirəm və bəzən salonun səliqəsiz olması ciddi narahatlıq yaradır. Xüsusilə sıxlıq olan saatlarda natəmizlik daha çox hiss olunur”.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, avtobusların salonunda təmizlik və gigiyena məsələsi yalnız estetik məsələ deyil, həm də xidmət keyfiyyəti və ictimai sağlamlıqla birbaşa bağlı olan vacib amildir:

 

“İctimai nəqliyyat şəhər həyatının ən vacib elementlərindən biridir. Hər gün minlərlə insan işə, məktəbə və digər ünvanlara çatmaq üçün avtobuslardan istifadə edir. Təəssüf ki, bəzi avtobuslarda müşahidə olunan natəmizlik halları sərnişinlərin haqlı narazılığına səbəb olur və bu da ictimai nəqliyyatın ümumi imicinə mənfi təsir göstərir. Avtobus salonlarında natəmizliyin yaranmasının bir neçə əsas səbəbi var. İlk növbədə burada insan amili böyük rol oynayır. Bəzi sərnişinlər ictimai nəqliyyatdan istifadə edərkən ümumi qaydalara riayət etmir. Qida qalıqlarını, plastik qabları və digər zibilləri avtobusun salonunda qoyurlar. Nəticədə, qısa müddət ərzində salonun ümumi görünüşü pozulur. Bəzi hallarda avtobusların gün ərzində intensiv işləməsi səbəbindən təmizləmə prosesinə kifayət qədər vaxt ayrılmır. Xüsusilə pik saatlarda avtobuslar fasiləsiz hərəkətdə olur və bu da salonun tez çirklənməsinə səbəb olur. 
Oturacaq üzlüklərinin köhnəlməsi, döşəmənin zədələnməsi və ya şüşələrin vaxtında təmizlənməməsi natəmizlik görüntüsünü daha da artırır. Bu vəziyyət yalnız narahatlıq yaratmaqla kifayətlənmir, eyni zamanda sərnişinlərin sağlamlığı üçün də müəyyən risklər yarada bilər”.

 

Nəbiyev eyni zamanda bildirib ki, natəmiz səthlər bakteriya və mikroorqanizmlərin yayılması üçün əlverişli mühit yaradır:

 

“Gün ərzində yüzlərlə insanın istifadə etdiyi oturacaqlar və tutacaqlar üzərində gigiyenik qaydalara əməl olunmadıqda infeksiyaların yayılması ehtimalı artır. Xüsusilə mövsümi virusların yayıldığı dövrlərdə belə natəmiz mühit əlavə risk faktoruna çevrilə bilər. Digər tərəfdən, kirli şüşələr və natəmiz salon həm də sərnişinlərin psixoloji rahatlığına təsir edir və xidmətin keyfiyyəti barədə mənfi təsəvvür formalaşdırır. Bu səbəbdən ictimai nəqliyyat vasitələrinin mütəmadi təmizlənməsi və texniki baxışı sistemli şəkildə həyata keçirilməlidir. Normal praktika avtobusların hər gün marşrut xəttinə çıxmazdan əvvəl daxili və xarici təmizlənmədən keçməsindən ibarət olmalıdır. Gün ərzində isə son dayanacaqlarda qısa təmizlik tədbirləri görülə bilər. Günün sonunda isə daha geniş dezinfeksiya və ümumi təmizlik işləri aparılmalıdır. Oturacaq üzlüklərinin təmizlənməsi, döşəmənin yuyulması, şüşələrin silinməsi və tutacaqların dezinfeksiya olunması vacibdir. Bundan əlavə, texniki baxış zamanı yalnız mexaniki hissələr deyil, salonun vəziyyəti də qiymətləndirilməli, zədələnən və köhnələn hissələr vaxtında yenilənməlidir. Eyni zamanda burada yalnız daşıyıcı şirkətlərin deyil, sərnişinlərin də məsuliyyəti var. İctimai nəqliyyat hamının istifadə etdiyi ümumi məkandır və onun təmiz saxlanılması kollektiv mədəniyyət məsələsidir. Sərnişinlər sadə gigiyena qaydalarına əməl etdikdə və zibili avtobusda qoymadıqda bu problem əhəmiyyətli dərəcədə azalır. Avtobusların salonunda təmizlik həm xidmət keyfiyyəti, həm sərnişin rahatlığı, həm də ictimai sağlamlıq baxımından ciddi əhəmiyyət daşıyır. Bu məsələ həm nəqliyyat operatorlarının düzgün idarəetməsi, həm də sərnişinlərin məsuliyyətli davranışı ilə həll oluna biləcək bir problemdir. Yalnız bu halda ictimai nəqliyyat daha rahat, təhlükəsiz və mədəni istifadə olunan bir mühitə çevrilə bilər”.

 

Banuçiçək Məmmədova

#yeni #sərnişinlərin #təhlükədə: #avtobusların
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər