Səudiyyə Ərəbistanından husilərə qarşı yeni hərbi əməliyyat - ŞƏRH
Koalisiyadan verilən məlumata görə, əməliyyat zamanı husilərə məxsus hərbi obyektlər və Qırmızı dənizdə gəmiçiliyə təhdid yaradan vasitələr məhv edilib.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Koalisiyanın husilərə qarşı hazırkı əməliyyatında əvvəlki mərhələlərlə müqayisədə daha koordinasiyalı və strateji ərazilərə fokuslanan yanaşma görünür. Məqsəd yalnız hava zərbələri ilə husilərin hərbi imkanlarını zəiflətmək deyil, eyni zamanda Yəmən hökumət qüvvələrinin qurudan irəliləyişini təmin etmək və xüsusilə, Bab əl-Məndəb boğazı ilə Qırmızı dəniz sahillərində nəzarəti bərpa etməkdir.
“Son əməliyyatlarda Səudiyyə Ərəbistanının hava dəstəyi ilə hökumət qüvvələrinin mühüm əraziləri geri aldığı, Hodeyda istiqamətində isə silah anbarları, partlayıcı yüklü qayıqların saxlandığı məntəqələr və dəniz minalarının hədəfə alındığı bildirilir. Bu, əməliyyatın əsas hədəflərindən birinin husilərin Qırmızı dənizdə gəmiçiliyə təzyiq imkanlarını məhdudlaşdırmaq olduğunu göstərir”.
Onun sözlərinə görə, hərbi əməliyyatların genişlənməsi Yəməndə onsuz da ağır olan humanitar vəziyyətin daha da pisləşməsi riskini yaradır. Son eskalasiya nəticəsində artıq yüz minlərlə insanın didərgin düşdüyü barədə məlumatlar var. Buna görə əməliyyat hərbi baxımdan husilərin strateji mövqelərini zəiflətməyə hesablanırsa da, uzanacağı təqdirdə onun ən ağır nəticələrini yenə mülki əhalinin hiss etməsi ehtimalı yüksəkdir.
Aysun Xəlilova