00:00:00
Yazar
Admin User
26.12.2025 16:57 66 2 dəq oxuma
Sosial

Süfrəmizdəki əsas qidanın gizli tərəfləri

Süfrəmizdəki əsas qidanın gizli tərəfləri

 

Çörək Azərbaycan ailələrinin gündəlik qida rasionunda əsas yer tutur. Lakin son zamanlar çörəyin keyfiyyəti, tərkibi və istehsal prosesi ilə bağlı ictimai müzakirələr artmaqdadır. İstehlakçılar aldıqları çörəyin sağlamlıq baxımından nə dərəcədə təhlükəsiz və keyfiyyətli olduğu sualını tez-tez gündəmə gətirirlər.


Mövzu ilə bağlı olaraq qida eksperti Fərid Səfərov “İnformator.az”a açıqlamasında bildirib ki, çörək ailələrin qida rasionunda önəmli yer tutur:

 

“Çörək Azərbaycan ailələrinin gündəlik qida rasionunda əsas yer tutur. Lakin son illər istehlakçılar çörəyin keyfiyyəti, tərkibi və istehsal şəraiti ilə bağlı daha çox sual verməyə başlayıblar. Bu da təsadüfi deyil, çünki çörək gündə bir neçə dəfə istehlak olunan məhsuldur və onun keyfiyyəti birbaşa sağlamlığa təsir edir.
Ümumilikdə, demək olar ki, Azərbaycanda satışda olan çörəklərin əksəriyyəti mövcud normativ tələblərə cavab verir. Böyük istehsal müəssisələrində texniki qaydalara və sanitariya normalarına daha ciddi əməl olunur. Lakin kiçik sexlərdə və bəzi fərdi istehsal nöqtələrində keyfiyyət sabit olmaya bilər. Yəni bazarda həm qənaətbəxş, həm də keyfiyyəti sual doğuran çörəklərə rast gəlinir. Əslində bu üç amil bir-biri ilə sıx bağlıdır. Keyfiyyətli un çörəyin əsasını təşkil edir, unun zülal (qlüten) göstəricisi, təmizliyi və saxlanma şəraiti çox önəmlidir. Maya çörəyin həm dadına, həm də həzminə təsir göstərir. Lakin istehsal prosesi həlledici mərhələdir: xəmirin düzgün yoğrulması, fermentasiya müddətinin kifayət qədər olması və uyğun temperaturda bişirilməsi çörəyin keyfiyyətini müəyyənləşdirir. Prosesi sürətləndirmək üçün aparılan müdaxilələr çörəyin qida dəyərini azalda bilər. İstehlakçılar bir neçə sadə məqama diqqət yetirə bilərlər. Çörəyin qabığı çox sərt və ya həddindən artıq yumşaq olmamalıdır. Daxili hissə bərabər paylanmalı, yapışqan olmamalıdır. Kəskin turş və ya yad qoxu keyfiyyətsizliyə işarədir. Etiketli çörəklərdə istehsal tarixi, tərkib və istehsalçı barədə məlumatların olması da vacib göstəricidir.
Nadir hallarda da olsa, texnoloji qaydalara əməl edilmədikdə riskli hallar yarana bilər. Fermentasiya müddətinin qısaldılması, keyfiyyətsiz xammalın istifadəsi və ya çörəyin düzgün saxlanmaması bəzi həzm problemlərinə səbəb ola bilər. Eyni zamanda artıq ağardılmış unlardan hazırlanan çörəklərin qida dəyəri daha aşağı olur. Çörəyin keyfiyyəti istehsal mədəniyyətindən və istehlakçı seçiminin düzgünlüyündən asılıdır. Şüurlu seçim etmək, etibarlı istehsalçılara üstünlük vermək və çörəyi normada istehlak etmək sağlamlıq baxımından ən doğru yanaşmadır.

Sağlam qidalanaraq sağlam yaşayın".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər