00:00:00
Yazar
Admin User
24.12.2025 18:43 80 2 dəq oxuma
Sosial

Sükut mədəniyyəti

Sükut mədəniyyəti

Cəmiyyətdə susmaq bəzən tərbiyə, bəzən qorxu, bəzən də etiraz forması kimi qəbul olunur. Bir çox hallarda insanlar haqsızlıqla üzləşsə belə danışmamağı seçir, bu isə zamanla kollektiv davranışa çevrilir. Sükut mədəniyyəti fərdi mövqenin zəifləməsinə, sosial problemlərin isə görünməz qalmasına səbəb ola bilər. Susmaq bəzən təhlükəsizlik hissi yaratsa da, uzunmüddətli dövrdə cəmiyyətin inkişafını ləngidən amilə çevrilir.

 

Mövzu ilə bağlı psixoloq Elnur Nəcəfov "İnformator.az" saytına açıqlamasında bildirib ki, hal hazırda susmaq cəmiyyətdə normal hesab olunur:

 

"Cəmiyyətdə susmaq bəzi hallarda normal, hətta düzgün davranış kimi qəbul olunur. Məsələn, şəxsi faciələr, yas mərasimləri, həssas ailə məsələləri, hüquqi araşdırmalar gedən proseslər zamanı sükut etik sayılır. Bəzən də insanın kifayət qədər məlumatı olmadığı mövzularda danışmaması məsuliyyətli mövqe kimi dəyərləndirilir. Bu cür hallarda susmaq hörmət, ehtiyat və düşünülmüş davranışın göstəricisi olur.

Sükutun qaynağı isə təkcə qorxu deyil. Bəli, avtoritar mühitlərdə, cəza və ya qınanma riski olan cəmiyyətlərdə insanlar qorxudan danışmamağı seçə bilirlər. Amma eyni zamanda susmaq çox vaxt sosial öyrənilmiş davranışdır. Uşaqlıqdan “böyüklərin yanında danışma”, “qarışma”, “öz işinlə məşğul ol” kimi mesajlarla böyüyən fərdlər zamanla susmağı təhlükəsiz və normal sayırlar. Bu, cəmiyyətin yazılmamış qaydalarından birinə çevrilir.

Danışmayan, fikrini açıq ifadə etməyən bir cəmiyyətin real və davamlı dəyişiklik yaratması çətindir. Sosial dəyişiklik adətən etiraz, müzakirə, sual vermək və mövcud vəziyyəti tənqid etməkdən doğur. Sükut bəzən müvəqqəti sabitlik yaratsa da, problemləri aradan qaldırmır, əksinə onları dərinləşdirir. Susan cəmiyyətlərdə dəyişiklik ya çox gec baş verir, ya da kənar təsirlər nəticəsində zorla formalaşır.

Sosial problemlər qarşısında susmaq əksər hallarda məsuliyyətdən qaçmaq kimi qiymətləndirilə bilər. Çünki cəmiyyətin üzvü olmaq yalnız hüquqlara deyil, həm də mənəvi məsuliyyətə sahib olmaq deməkdir. Zülm, ədalətsizlik və haqsızlıq qarşısında susmaq həmin problemlərin davam etməsinə dolayısı ilə dəstək vermək anlamına gəlir. Bununla belə, susan hər kəsi günahlandırmaq da doğru olmaz. Bəzən insanlar təhlükəsizlik, psixoloji təzyiq və ya çıxış yolu görmədikləri üçün susurlar. Amma uzunmüddətli perspektivdə sükut cəmiyyəti qoruyan deyil, zəiflədən bir davranış formasıdır".

 

Ayisə Şərifova 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər