Süni intellekt iş yerlərimizi əlimizdən alırmı?
Süni intellektin sürətli inkişafı cəmiyyətdə ciddi suallar doğurmağa başlayıb. Xüsusilə, bu texnologiyanın əmək bazarına təsiri geniş müzakirə olunur. Bir tərəfdən yeni imkanlar və peşələr vəd edən süni intellekt, digər tərəfdən minlərlə insanın iş yerini itirəcəyi qorxusunu yaradır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında marketinq və süni intellekt alətləri üzrə təlimçi Abdulla Abdullayev bildirib ki, tarix boyu hər böyük texnoloji sıçrayışda eyni qorxu yaranıb:
“Mexanikləşmə olub , internet gəlib, avtomatlaşdırma artıb. Bəzi peşələr yox olub, amma onların yerində yeniləri yaranıb. Süni intellekt də bu zəncirin növbəti mərhələsidir.
Təhlükə texnologiyanın özündə deyil, ona münasibətdədir. Süni intellekti anlamayan, ondan istifadə etməyən insanlar risk altındadır. Süni intellekt ilə işləməyi bacaranlar isə daha məhsuldar olur, daha dəyərli görünür, bazarda üstünlük qazanır. Daha tez təsirlənəcək sahələr bunlardır, müştəri dəstəyi prosesləri, sadə dizayn və kontent istehsalı, məlumat girişi və bəsit analitika, standart hesabatlaşdırma işləri. Burada məsələ peşənin tam yox olması deyil. Rolun tərkibi dəyişir. Hazırda bir nəfərin gördüyü işi əvvəllər 5 nəfər görə bilib”.
Səadət Əlizadə
