Süni intellekt və texnoloji asılılığın insan psixologiyasına təsiri artır
Müasir dövrdə süni intellekt (SI) və rəqəmsal texnologiyalar insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin bu inkişafın psixoloji təsirləri barədə narahatlıqlar da getdikcə artır.
Mövzu ilə bağlı Mirsadiq Muxtarov “İnformator.az”a bildirib ki, süni intellekt son illərdə texnologiyanın ən sürətlə inkişaf edən sahələrindən biridir:
“Bu sahədəki inkişaf insanların gündəlik həyatına həmçinin onların psixologiyasına önəmli dərəcədə təsir göstərməkdədir. Süni intellekt, insan düşüncəsi, öyrənmə, qavrayış və qərar vermə bacarıqlarını təqlid edə bilən bir texnologiyadır. Bu sistemin alqoritmləri adətən insan ağılının mürəkkəbliyini təqlid etmək məqsədi ilə insan psixologiyasının prinsiplərinə (yəni, düşünmə, öyrənmə, qərar vermə və.s) əsaslanır. Ümumiyyətlə Süni intellektin insan psixologiyası üzərində həm müsbət, həm də mənfi təsirləri ola bilər. Texnologiyadan və süni intellektdən asılılığın yaranmasında psixoloji mexanizmlər mühüm rol oynayır. Bu mexanizmlərdən biri beyinin dopamin mükafat sistemidir. İnsan beyni hər dəfə müsbət emosional təcrübə əldə etdikdə, məsələn, sosial şəbəkədə bəyənildikdə, tərifləyici rəylər aldıqda və ya süni intellektlə uğurlu qarşılıqlı əlaqə zamanı beyin dopamin neyrotransmitteri ifraz edir. Bu kimyəvi maddə beyində “mükafat” siqnalı yaradaraq həmin davranışı təkrarlamağa təşviq edir. Zamanla və edilən təkrar istifadə ilə bu proses asılılıq formalaşmasına səbəb olur. Vurğulamaq lazımdır ki, süni intellektlə ünsiyyət və ya texnoloji platformalarda, sosial medialarda aktivlik qısa müddətli rahatlıq və məmnunluq hissi yaradır. Belə ki, sosiallaşma ehtiyacının süni intellekt tərəfindən qarşılanması asılılığın formalaşmasına təsir edən faktorlardan hesab edilir. Günlük fəaliyyətlərdə, istər dərslər olsun istərsə də iş prosessində süni intellekt modellərinin görülən işi rahat yerinə yetirməsi bu asılılığı möhkəmləndirən amillərə nümünə ola bilər. Bu cür asılılıq insanların öz bacarıqlarına olan güvənlərini azaltmağa gətirib çıxara bilər. Digər tərəfdən nəzər yetirsək, Süni intellekt texnologiyalarının inkişafı, insanların analitik bacarıqlarına ciddi təsir göstərir. Süni intellektin təqdim etdiyi imkanlar sayəsində, insanlar internet resurslarında böyük verilənlər bazasını sürətlə və effektiv şəkildə təhlil edə bilirlər. Bu rahatlıqla əlaqəli olaraq, istifadəçilər daha az düşünərək və öz analitik qabiliyyətlərini istifadə etmədən nəticələrə çata bilirlər. Beləliklə, başqa sözlə deyə bilərik ki süni intellekt analiz və sintez proseslərini özü həyata keçirdiyi üçün, insanlar artıq özləri düşünmək və məlumatları dərk etmək zərurətini düşünmürlər. Bu, uzunmüddətli nəticələrdə insanların analitik düşüncə bacarıqlarının zəifləməsinə səbəb ola bilər. İnsanlar, təhlil və qərarvermə proseslərini Süni intellektə etibar etdikcə, özlərində müstəqil düşüncə bacarığını itirə bilər, bu isə təbii olaraq intellektual inkişafda mənfi təsirlər yarada bilər. Rəqəmsal mühitdə formalaşan “virtual mənlik” real şəxsiyyətin inkişafına və emosional sağlamlığına da təsir göstərməkdədir. “Virtual mənlik” şəxsin rəqəmsal mühitdə, sosial şəbəkələrdə və süni intellektlə qarşılıqlı əlaqədə yaratdığı öz obrazıdır. Bu mənlik çox vaxt ideallaşdırılmış və reallığı tam əks etdirməyən şəxsiyyət təsviridir. Uzunmüddətli istifadədə bu, real mənliklə virtual mənlik arasında əlaqəsizlik yarada bilər. İnsan özünü yalnız rəqəmsal məkanda qəbul etdirə bildikdə, real həyatda özünü ifadə etməkdə çətinlik çəkə və sosial bacarıqları zəifləyə bilər. Bu, xüsusilə gənc nəsildə özünəinamın azalması, emosional tənzimləmə problemləri və reallıqdan uzaqlaşma ilə nəticələnə bilər. Aydın məsələdir ki, bütün bu faktorlar şəxslərin emosional reaksiyalarına da təsirsiz ötüşmür. Emosional reaksiya anlayışında insanların müxtəlif hadisələrə, təcrübələrə və ya stimullara qarşı hiss etdiyi və əks etdirdiyi emosiyalar nəzərdə tutulur. Ümumiyyətlə emosional reaksiyaların düzgün başa düşülməsi və doğru olaraq yönəldilməsi, insanların həyat keyfiyyətinə ciddi təsir edə bilər, buna görə də Süni intellektin bu sahədəki rolu diqqətlə tədqiq edilməlidir".
Müsahib bildirib ki, texnoloji asılılığın qarşısını almaq üçün ilk növbədə fərdlərin texnologiya ilə münasibətini şüurlu şəkildə tənzimləməsi vacibdir:
"İnsanlar çox zaman texnologiyadan istifadə məqsədini dərk etmədən, emosional boşluqları, günlük stressi bu vasitə ilə azalatmağa və ya nəzarət etməyə etməyə çalışırlar. Halbuki texnologiya insanın emosional və sosial həyatını əvəz edən deyil, onu dəstəkləyən bir vasitə kimi qəbul edilməlidir. Bu baxımdan, texnologiya istifadəsinə sərhəd qoymaq, yəni günün müəyyən saatlarında cihazlardan uzaq qalmaq, sosial mediadan fasiləli şəkildə istifadə daha faydalı olar. Eyni zamanda real ünsiyyət və təbiət təcrübələrinin artırılması, insanın emosional tənzimləmə bacarığını və sosial bağlarını gücləndirir. Fərdlərin texnologiyadan uzaq keçirdiyi vaxtda yaradıcılıq fəaliyyətlərinə, idmana, incəsənətə yer ayırması, psixoloji rifahı bərpa edən mühüm amillərdəndir. Burada məqsəd texnologiyanı həyatımızdan çıxarmaq ya da uzaqlaşmaq deyil, ondan balanslı və dərk olunmuş şəkildə istifadə etməyi öyrənməkdir. Sadalananlardan əlavə məktəblərdə və gənclər arasında rəqəmsal fərqindəliyin artırılması, texnologiyanın emosional təsirləri barədə maarifləndirmə işlərinin aparılması çox vacibdir. İnsanlara texnologiyadan balanslı istifadə etməyi öyrətmək, onları həm məhsuldar, həm də emosional cəhətdən sağlam olaraq formalaşmasına zəmin yarada bilər. Texnologiya ilə sağlam münasibət qurmaq insanın həm emosional sabitliyini, həm də sosial funksionallığını qoruyur".

Fatimə Hüseynli
