00:00:00
Yazar
Admin User
22.01.2026 15:57 72 2 dəq oxuma
Sosial

Sürətli qazanc vədi, real itki

Sürətli qazanc vədi, real itki

Sosial şəbəkələr və mesajlaşma tətbiqləri üzərindən investisiya adı ilə vətəndaşlardan pul və şəxsi məlumatlar əldə olunur. Qazanc vədi ilə təqdim edilən bu təkliflər bir çox halda maliyyə itkisi ilə nəticələnir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında İT mütəxəssisi Elvin Həsənov bildirib ki, investisiya dələduzluqları insanların sürətli qazanc istəyindən istifadə etməklə həyata keçirilir və risksiz, yüksək gəlir vədləri əsas xəbərdarlıq əlamətləridir:

 

“İnvestisiya adı ilə dələduzluq edənlər əsasən texnologiyadan yox, insan psixologiyasından faydalanırlar. Çünki onlar adətən insanın ən zəif yerindən vururlar. Sürətli qazanc istəyi insanlarda fərqli davranış yaratdığına görə “imkanı qaçır”, “mən filan bankdanam”, “biz filan platformayıq” deyərək insanları inandırmağa çalışırlar. Ona görə də bu fırıldaqları tanımaq üçün ilk növbədə təklifin mahiyyətinə diqqət yetirmək vacibdir. İnvestisiya adı ilə dələduzluq edənlər əsasən texnologiyadan yox, insan psixologiyasından istifadə edirlər. Yəni sürətli qazanc istəyi insanlarda qavrayışı zəiflətdiyinə görə “imkan gətirirəm”, “mən filan bankdanam”, “biz filan platformadayıq” kimi ifadələrlə insanları aldadırlar. Bu cür fırıldaqları tanımaq üçün ən çox yayılan əlamətlərə baxsaq, gündə 5-10% qazanc, risksiz yatırım, zəmanətli gəlir kimi vədlərin uydurma olduğunu görə bilərik. Bununla yanaşı, klassik üsullardan biri də insanları psixoloji cəhətdən təşviq etməkdir. Onlar hər gün vətəndaşa yazaraq qazancın artdığını göstərən saxta ekran görüntüləri təqdim edirlər. Lakin vətəndaş pulu çıxarmaq istədikdə qarşı tərəf gözlənilməyən və əvvəlcədən deyilməyən komissiyalar, hesabın aktivləşdirilməsi haqqı və əlavə ödənişlər tələb edir. Bu isə artıq 100% siqnaldır ki, vətəndaş investisiyada yox, qurulan dələduzluq mühitindədir.

 

Bu cür fırıldaqlarda ən çox istifadə edilən texniki üsullardan biri saxta saytların və tətbiqlərin yaradılmasıdır. Dələduzlar real investisiya platformalarına bənzər saxta tətbiqlər hazırlayırlar. Hətta adları elə seçirlər ki, tanınmış şirkətləri xatırlatsın. Platformaya daxil olduqda vətəndaşdan parol məlumatlarının yazılması, hətta balansın artırılması tələb olunur. Bu isə sadəcə saxta ekran və dialoq pəncərəsidir. Digər bir üsul isə linklərin göndərilməsidir. Qeydiyyatın yoxlanılması və ya təhlükəsizlik adı altında şəxsi məlumatlar ələ keçirilir. Əgər bu prosesdə vətəndaş öz bank məlumatlarını daxil edibsə, vaxt itirmədən hərəkətə keçməlidir: dərhal bankla əlaqə saxlamalı, kartı bloklamalı və şübhəli əməliyyatlar barədə məlumat verməlidir. Əlavə olaraq parolları dəyişmək, elektron poçt və sosial şəbəkə hesablarının təhlükəsizliyini təmin etmək vacibdir. Ən əsası isə yazışmaları, linkləri, ödəniş qəbzlərini, hesab nömrələrini silmədən saxlayaraq hüquq-mühafizə orqanlarına müraciət etmək mütləqdir. Bu tip hallarda riskləri azaltmaq üçün əsas qayda sadədir: rəsmi lisenziyası olmayan, real fəaliyyəti yoxlanıla bilməyən platformalara heç bir halda inanmaq olmaz. Şəxsi məlumatlar və giriş şifrələri üçüncü şəxslərlə paylaşılmamalıdır. Əgər kimsə sizə “real investisiya” adı ilə təklif edirsə, bunu qazanc kimi yox, risk kimi qiymətləndirib əvvəlcə dəqiqləşdirmək lazımdır”.

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər