Şüşə qırığı küçə heyvanlarını necə təhlükəyə atır?
Küçələrdə, park və ətraf ərazilərdə atılan şüşə qırıqları yalnız insan üçün deyil, həm də küçə heyvanları üçün ciddi təhlükə yaradır. Ayaqları, dırnaqları və hətta ağızları kəsilən it və pişiklər həm ağrı çəkir, həm də qida tapmaqda çətinliklə üzləşirlər.
Mövzu ilə bağlı baytar Adil Əsgərov açıqlamasında qeyd edib ki, bu heyvanlar bizə adətən qorxu və ağrı içində gətirilir:
“İlk addım onların qanaxma varsa, onu dayandırmaq, ağrıya nəzarət etmək və yaraya düzgün müdaxilə və qulluq etməkdir. Şüşə parçası bədəndə qalıbsa, onu vaxtında və steril şəkildə çıxarmaq lazımdır. Təəssüf ki, müalicə gecikdikdə və ya vaxtında və düzgün müdaxilə olunmadıqda kiçik bir kəsik böyük bir problemə çevrilə bilər. Bu tipli yaralanmaların bir sıra uzunmüddətli və ya qalıcı fəsadları ola bilər. Bədənin müxtəlif nahiyələrində yaralar, torpaq və digər yollarla keçə biləcək bir sıra infeksiyalar, qanaxmalarla yarana biləcək anemiya və s. problemlər, heyvanın normal hərəkət və görmə qabiliyyətini itirməsi və s. ilə nəticələnə bilər. Küçədə rast gəlinən bu cür zədələnmiş heyvanlar üçün baytarlıq xidmətinin daha effektiv olması cəmiyyətin birgə məsuliyyətindən başlayır. Əsas məsuliyyət şüşə tullantılarını heç bir təhlükəsizlik tədbiri görmədən zibilxanalara atan şəxslərin üzərinə düşür. Qida tapmaq məqsədilə zibilliklərə yaxınlaşan sahibsiz heyvanlar əksər hallarda məhz bu səbəbdən ciddi xəsarətlərlə üz-üzə qalırlar. Digər tərəfdən günümüz reallığında belə zədələnmiş heyvanlarla rastlaşan vətəndaşların təhlükəsizlik qaydalarına əməl edərək onları müvafiq müəssisələrə və ya baytarlıq klinikalarına çatdırması həyati əhəmiyyət daşıyır. Özəl klinikalar və baytar həkimlərin üzərinə düşən məsuliyyət isə bu cür xəsarətlərlə gətirilən heyvanlara təxirəsalınmaz qəbulda öncəlik vermək, peşəkar və vicdanlı yanaşma sərgiləmək, həmçinin müalicə xərclərində güzəştlər tətbiq etməkdir”.
Cavahir Əsgərbəyli
