Şəxsi görüntülərin icazəsiz yayılması - qanun nə deyir?
Son vaxtlar TikTok və digər sosial şəbəkələrdə insanların foto və videolarından müxtəlif məqsədlərlə istifadə hallarına tez-tez rast gəlinir. Bəzən bu görüntülərin üzərinə nalayiq sözlər yazılır, bəzən isə dələduzluq məqsədilə başqalarına məxsus şəkillərdən istifadə edilərək qanunsuz qazanc əldə etməyə cəhd edilir.
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, başqasının razılığı olmadan onun foto və ya videosunun yayılması şəxsi həyatın toxunulmazlığının pozulması sayılır:
“Ümumi qanunvericiliyə görə başqasının razılığı olmadan, onun fotosunun yaxud videosunu çəkmək qadağandır. Amma əgər foto kimdəsə varsa, şəkil qanuni yolla əldə edilibsə, internetdə həmin foto və ya video varsa, onların paylaşılmasında problem yoxdur. Əgər əks tərəf buna etiraz etsə, məhkəmənin qərarı ilə qadağan edilə bilər. Cəza məsələsinə gəldikdə isə inzibati xətalar üzrə cərimə tətbiq oluna bilər, ağır hallarda isə azadlıqdan məhrumetmə də nəzərdə tutula bilər. Digər məsələ əgər vətəndaş fotoların və ya videoların üzərinə nalayiq ifadələr yazılması halları ilə rastlaşarsa, zərərçəkən cinayət işi açdıra bilər”.
Zəri Bayramlı
