"Sabahdan etibarən “BakuBus”ın yeni 3 xəttində NFC texnologiyası tətbiq ediləcək"
Paytaxt Bakıda ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi genişləndirilir. Bakı şəhərinin marşrut avtobuslarında NFC əsaslı ödəniş texnologiyasının tətbiqinə başlanılıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında müştəri xidmətləri üzrə baş mütəxəssis Mehriban Əhmədova bildirib ki, ilkin mərhələdə 500 nömrəli marşrut xəttində NFC ödənişlər aktivləşdirilib və sistem real istismar şəraitində sınaqdan keçirilir:
"Test mərhələsi bitdikdən sonra, növbəti günlərdə digər “BakuBus” marşrut xətlərində də mərhələli şəkildə tətbiq ediləcək. Daha sonra isə bu texnologiyanın digər daşıyıcı operatorlar üzrə də mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulur. Bu yeniliklə paytaxtımız Bakı şəhərində ictimai nəqliyyatdan istifadə daha rahat, daha sürətli və daha müasir hala gətirilir. Avtobuslarda tətbiq edilən bu yenilik şəhər nəqliyyatında rəqəmsal transformasiyanın növbəti mərhələsini əks etdirir.
"K Group" MMC (BakıKart), ölkənin ilk rəqəmsal bankı olan Birbankın texnoloji dəstəyi ilə, Bakı nəqliyyatında rəqəmsal ödəniş imkanlarının genişləndirilməsi istiqamətində növbəti mühüm addımı atıb. Artıq NFC funksiyalı yerli bank kartları, eləcə də Apple Pay və Google Pay vasitəsilə avtobuslarda ödəniş etmək mümkündür. Bu imkan bütün yerli bankların müştərilərini əhatə edir və istifadəçilər üçün bərabər şərait yaradır.Bu təkmilləşmə ilə metro və avtobuslarda vahid, çevik və rahat ödəniş ekosistemi formalaşır. Nəticədə, sürətli xidmət, azalan sıxlıq, sərnişin vaxtına qənaət və texnoloji inkişaf təmin olunur. Artıq nağd pul və ya fiziki BakıKart daşımağa ehtiyac yoxdur. Sərnişinlər telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə avtobuslardakı kart oxuyucuya toxunaraq ödənişi dərhal həyata keçirə bilərlər.Sistemin təqdim etdiyi yeniliklərdən biri də "bir dəfəlik keçid imkanı"dır. Bank kartında balans kifayət etmədiyi hallarda belə sərnişin avtobusa minə bilir. Qeyd edək ki, bu keçid pulsuz deyil və balansda vəsait mövcud olduqda məbləğ avtomatik şəkildə tutulur. Bu mexanizm həm sərnişin rahatlığını artırır, həm də xidmətin fasiləsizliyini təmin edir.BakıKart nəqliyyat ödənişləri sahəsində innovativ həllərin tətbiqi istiqamətində uzun müddətdir ki, qabaqcıl mövqedə fəaliyyət göstərir. M10 elektron cüzdanı, eləcə də Birbank və BakıKart mobil tətbiqləri üzərindən QR ödənişlərin tətbiqi bu istiqamətdə formalaşdırılan uğurlu rəqəmsal ekosistemin əsas elementlərindəndir.
Bu mərhələ ilə paytaxtın ictimai nəqliyyatında rəqəmsal transformasiya daha da sürətlənir. Sərnişin məmnuniyyətinin artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və nəqliyyat xidmətlərinin modernləşdirilməsi istiqamətində atılmış bu addım, şəhər nəqliyyatının gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır
Sabahdan etibarən “BakuBus”ın yeni 3 xəttində NFC texnologiyası tətbiq ediləcək. Sonradan NFC ödəniş sistemi “BakuBus”a məxsus olan bütün avtobusları əhatə edəcək. Test mərhələsi bitdikdən sonra növbəti mərhələdə NFC sistemi digər operatorlara məxsus avtobuslarda da tətbiq olunacaq".
"İnformator.az"a danışan Bakı Dövlət Universitetinin Kimya fakültəsinin 1-ci kurs tələbəsi Nuray Əlibəyova bildirib ki, bir tələbə kimi bu yeniliyi çox müsbət qiymətləndirirəm:
"Çünki gündəlik olaraq dərsə, kursa, kitabxanaya gedib-gələn tələbələr üçün ictimai nəqliyyat həyatımızın ayrılmaz hissəsidir. NFC ilə ödənişin tətbiqi avtobuslarda vaxt itkisini azaldır, sıxlıq zamanı kart axtarmaq və ya balans problemi yaşamaq kimi çətinlikləri aradan qaldırır. Ən çox bəyəndiyim tərəf odur ki, artıq telefon və ya bank kartı ilə bir toxunuşla ödəniş etmək mümkündür. Xüsusilə səhərlər tələsik halda avtobusa minəndə bu, böyük rahatlıqdır. “Bir dəfəlik keçid imkanı” da tələbələr üçün önəmlidir, çünki bəzən balansın bitdiyini son anda fərq edirik və bu sistem bizi yolda qoymur".
Aişə Mustafayeva
