00:00:00
Yazar
Admin User
26.12.2025 17:31 84 2 dəq oxuma
Sosial

Şabranda qış düşərgəsi başlayıb

Şabranda qış düşərgəsi başlayıb

Şabran rayonunda VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsi fəaliyyətə başlayıb. Düşərgədə iştirak edənlər arasında Fransadakı “Həftəsonu Qarabağ Məktəbi”nin şagirdləri və Azərbaycanın şəhid övladları yer alır.

 

Layihənin əsas məqsədi uşaqlara sosial və mənəvi dəstək göstərmək, onların milli kimlik və vətənpərvərlik ruhunu gücləndirmək, həmçinin Qarabağ həqiqətlərini və Azərbaycan tarixi barədə məlumatları şagirdlərə çatdırmaqdır. Düşərgə çərçivəsində uşaqlar üçün müxtəlif maarifləndirici və əyləncəli proqramlar, intellektual oyunlar, tarixi və mədəni dərslər, eləcə də idman və komanda fəaliyyətləri təşkil olunacaq.

 

Mövzu ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmov “İnformator.az”a açıqlamasında bildirib ki, şagirdlərin sonradan akademik və peşəkar həyatlarında daha uğurlu olduqları müşahidə olunur:

 

“Ən vacib məsələlərdən biri şagirdlər arasında şəbəkələşmənin formalaşmasıdır. Onların dost çevrəsinin yaranması, liderlik və sosial bacarıqlarının inkişafı, ünsiyyət və kommunikasiya sahəsində irəliləyişləri məhz bu cür bir araya gəlmələrdən çox asılıdır. Bu baxımdan, dövlət və QHT-lərin təşkil etdiyi düşərgələr, debatlar, klublar, gəzintilər və digər qeyri-formal təhsil fəaliyyətləri şagirdlərin həm fərdi, həm də vətəndaş kimi inkişafına ciddi töhfə verir.

 

Müxtəlif təşkilatların keçirdiyi tədbirlərdə fəal iştirak edən şagirdlərin sonradan akademik və peşəkar həyatlarında daha uğurlu olduqları müşahidə olunur. Bu kimi təşəbbüslər onların startap düşüncəsi, təşəbbüskarlıq və liderlik keyfiyyətlərinin inkişafında mühüm rol oynayır və onların ictimai-siyasi arenada özlərinə yer tapmalarına şərait yaradır.

 

Bununla yanaşı, bu cür fəaliyyətlər milli kimliyin formalaşması və vətənpərvərlik hisslərinin güclənməsinə də böyük töhfə verir. Əgər birgə keçirilən tədbirlərdə verilən mesajlar milli və mənəvi dəyərləri dəstəkləyirsə, bu zaman uşaqların şəxsiyyət kimi formalaşması daha sağlam şəkildə baş verir.

 

Azərbaycanlı uşaqların birgə fəaliyyəti nəticəsində onlar fərqli baxış bucaqları, dünya görüşləri ilə tanış olurlar. Çünki əgər uşaq yalnız öz dar mühitində qalarsa, onun inkişafı məhdud olur. Lakin digər uşaqlarla ünsiyyətdə olmaqla onların bilik və dünyagörüşündən faydalanır.

 

Bu baxımdan, müxtəlif ölkələrdən olan azərbaycanlı uşaqların bir araya gəlməsi yalnız müsbət nəticələr doğura bilər. Düşərgələr, skaut hərəkatları və digər qeyri-formal təhsil təşəbbüsləri məktəb təhsilini tamamlayıcı rol oynayaraq, şagirdlərin 21-ci əsr bacarıqlarının inkişafına ciddi dəstək verir”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər