Saç tökülməsi xəstəlikdirmi, yoxsa həyat tərzinin nəticəsi?
Saç tökülməsi bu gün həm qadınların, həm də kişilərin ən çox narahatlıq yaşadığı problemlərdən biridir. Stress, hormonal dəyişikliklər, düzgün olmayan qidalanma, genetik faktorlar və kosmetik məhsullar saç sağlamlığına birbaşa təsir göstərir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında trixoloq Cəmilə Əsgərova bildirib ki, gün ərzində 50-150 arası saç tökülməsi normal sayılır:
“Bundan daha çox tökülürsə, artıq həyəcanlanmağa ehtiyac var. Bu zaman mütləq mütəxəssisə müraciət etmək, saç dibini aparatla müayinə və araşdırma etmək lazımdır. Xanımlar arasında dəmir əksikliyi və hormonal pozğunluq, kişilər arasında isə bu genetikadır. Xanımlar müraciət edən zaman mütləq ətraflı araşdırırıq, analizlərə göndəririk. Həmçinin uşaq dünyaya gətirdikdən 3-4 ay sonra fizeoloji olaraq tökülmə ola bilər və bu bir müddət davam edərsə, biz araşdırmağa başlayırıq. Kişilərdə isə 95 faiz androgen saç tökülməsidir. Burada ciddi dəmir əksikliyi görülən zaman həyəcan təbili çalınır. Saç tökülməsi ayrıca bir xəstəlik sayılmır. Bədəndə gedən potoloji proseslərin təzahürü kimi meydana çıxa bilər. Pasient saç tökülməsi şikayəti ilə gəldiyi zaman biz müayinə nəticəsində ortaya çıxan tökülmə səbəbinə yönəlirik və müalicəyə yönəlirik”.
Banuçiçək Məmmədova
