Şahbaz Şərif Ərdoğanla telefon danışığında İrana hücumları müzakirə edib
Pakistanın Baş Naziri Şahbaz Şərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığında Yaxın Şərqdə artan gərginliyi müzakirə edib.
Tərəflər regionda eskalasiyanın qarşısının alınmasının vacibliyini vurğulayıb, Pakistan Körfəz ölkələri ilə həmrəyliyini və dialoqa dəstəyini ifadə edib. Eyni zamanda, ABŞ və İsrailin İranda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) obyektlərinə zərbələr endirdiyi bildirilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında KAFKASSAM başkanı, siyasi şərhçi Hasan Oktay bildirib ki, Ankara və İslamabad arasındakı bu intensiv dialoq bir neçə strateji hədəfə əsaslanır:
"Hər iki ölkə İranın tamamilə çökməsinin və ya genişmiqyaslı daxili müharibəyə sürüklənməsinin qarşısını almağa çalışır. Çünki İranın “Suriyalaşması” Pakistan üçün kütləvi qaçqın axını və məzhəb qarşıdurması, Türkiyə üçün isə şərq sərhədlərinin təhlükəsizliyinin tamamilə itirilməsi deməkdir. Türkiyə və Pakistan böhranın Qərb-İran qarşıdurmasından çıxaraq genişmiqyaslı İslam-Qərb müharibəsinə çevrilməməsi üçün diplomatik “neytrallaşdırıcı” rolunu üzərlərinə götürürlər. Pakistanın Körfəz ölkələri ilə sıx hərbi və iqtisadi əlaqələri var. Türkiyə isə son illərdə Səudiyyə Ərəbistanı və BƏƏ ilə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırıb. Onların koordinasiyası Körfəzin enerji yollarının (Hörmüz boğazı) bağlanmaması üçün ortaq təzyiq mexanizmi formalaşdırmağı hədəfləyir".
Eyni zamanda Hasan Oktay vurğulayıb ki, Pakistanın bu bəyanatı “güc balansı” baxımından çox ciddi mesajdır, Pakistanın Körfəz ölkələrinin yanında yer alması İranın İslam dünyasındakı mənəvi və siyasi dəstəyini minimuma endirir:
"Bu, Tehranın “İslam həmrəyliyi” kartından istifadə etməsinin qarşısını alır. Pakistan nüvə silahına malik yeganə müsəlman ölkədir. Körfəzlə həmrəyliyi İranın vəkil qüvvələrinin (məsələn, husilərin və ya İraqdakı qrupların) Körfəz paytaxtlarına qarşı mümkün cavab hücumlarından çəkinməsinə səbəb ola bilər. Bu həmrəylik bölgədə İranın hegemonluq iddialarına qarşı “Pakistan-Türkiyə-Körfəz” oxunun formalaşdığını göstərir. ABŞ və İsrailin birbaşa SEPAH (İnqilab Keşikçiləri) hədəflərini və Xəbərlər Məclisi kimi siyasi mərkəzləri vurması İranın illərlə qurduğu “Müqavimət Oxu” strategiyasını kökündən sarsıdır. Əvvəllər İran müharibəni öz sərhədlərindən kənarda (Livan, Suriya, Yəmən) aparırdısa, indi isə infrastrukturunu və siyasi elitasını qorumaq üçün bütün resurslarını ölkə daxilinə yönəltmək məcburiyyətindədir. SEPAH-ın beyin mərkəzlərinin vurulması bölgədəki vəkil qüvvələrin (Hizbullah, Həmas və s.) mərkəzi koordinasiyanı itirməsinə səbəb ola bilər. Bu vəziyyət həmin qrupların daha da radikallaşmasına və ya pərakəndə hərəkət etməsinə gətirib çıxara bilər.
Hərbi imkanlarının (xüsusilə hava müdafiəsinin) zəifliyi üzə çıxan İran yaxın gələcəkdə daha radikal addımlar atmaq əvəzinə, rejimi qorumaq naminə Türkiyə və ya digər vasitəçilər üzərindən “təslimiyyət deyil, uzlaşma” axtarışına girə bilər".
Reyhan Quliyeva
