Sahibə Qafarova ABŞ-yə işgüzar səfər edib
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına işgüzar səfər edib. Səfər çərçivəsində keçiriləcək görüşlərin iki ölkə arasında parlamentlərarası əlaqələrin və siyasi dialoqun daha da möhkəmlənməsinə töhfə verəcəyi gözlənilir.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Züriyə Qarayeva bildirib ki, Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyətinin ABŞ-yə səfəri iki ölkə arasında fəallaşan siyasi dialoqun parlament müstəvisinə daşınması baxımından mühüm əhəmiyyət taşıyır:
“ABŞ Konqresi Vaşinqtonun xarici siyasət qərarlarına, o cümlədən Azərbaycana münasibətdə qəbul olunan qanunvericilik təşəbbüslərinə ciddi təsir göstərir. Buna görə də parlamentlərarası birbaşa təmaslar Azərbaycanın mövqeyinin amerikalı qanunvericilərə obyektiv şəkildə çatdırılmasına, birtərəfli təsəvvürlərin aradan qaldırılmasına və qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edə bilər. Milli Məclisin məlumatına görə, səfər parlament nümayəndə heyəti formatında həyata keçirilir”.
Politoloq qeyd edib ki, səfər eyni zamanda Azərbaycan-ABŞ münasibətlərinin ayrı-ayrı siyasi administrasiyalardan asılı olmayan, daha davamlı və institusional əsaslar üzərində qurulmasına şərait yarada bilər.
Görüşlər zamanı regional sülh prosesi, enerji təhlükəsizliyi, Orta Dəhliz, iqtisadi əməkdaşlıq və Cənubi Qafqazdakı yeni reallıqların müzakirəsi Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətini daha aydın nümayiş etdirə bilər. Xüsusilə Konqres səviyyəsində dialoqun genişlənməsi ikitərəfli münasibətlərdə zaman-zaman yaranan siyasi maneələrin aradan qaldırılmasına yardım edə bilər. Bu baxımdan səfəri Azərbaycan-ABŞ əlaqələrinin siyasi və parlament ölçülərinin paralel şəkildə möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirmək olar.
Nurgün Qənizadə