Sahibə Qafarova Rusiyada qırğızıstanlı həmkarı ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamataliyev ilə görüşüb.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, Qırğızıstan Azərbaycan üçün qardaş ölkədir:
“Əlbəttə ki, istər ölkələrimiz və xalqlarımız, istərsə də dövlətlərimiz arasında, həmçinin dövlət rəhbərlərimiz və prezidentlərimiz arasında çox yüksək səviyyədə dostluq və qardaşlıq əlaqələri mövcuddur. O cümlədən parlament rəhbərləri arasındakı münasibətlər də yüksək səviyyədədir. Bu baxımdan hörmətli Sahibə xanımın Qırğızıstan parlamenti — Coqorku Keneşin sədri ilə görüşünü yüksək qiymətləndirə bilərik. Belə görüşlər nə qədər intensiv olarsa, bir o qədər faydalı olar. Biz mümkün qədər türk dövlətləri, o cümlədən Qırğızıstanla münasibətləri daha yüksək səviyyəyə daşımalıyıq. Ümumiyyətlə, inteqrasiyanın sürətləndirilməsi vacibdir. Bütün sahələrdə, o cümlədən parlamentlərarası münasibətlərdə mümkün qədər sıx əməkdaşlıq qurulmalıdır. Düzdür, münasibətlər hazırda da çox yaxşıdır. Amma mən düşünürəm ki, Azərbaycan və Qırğızıstan parlamentləri gündəlik informasiya mübadiləsi aparmalıdır. Həm bizim parlamentdə onların parlamenti haqqında, həm də onların parlamentində Azərbaycan Milli Məclisi haqqında məlumatlar mütəmadi olaraq gündəmdə olmalıdır. Bu baxımdan Sahibə xanımın görüşünü yerinə düşən və gərəkli bir görüş kimi qiymətləndirə bilərik. Türk Dövlətləri Təşkilatı da adından göründüyü kimi, türk dövlətlərinin daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Təbii ki, belə inteqrasiyanın mümkün olması üçün ikitərəfli münasibətlər də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan–Qırğızıstan münasibətləri olduqca vacibdir. Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatının əsas qurucu üzvləri Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandır. Sonrakı mərhələdə qardaş Özbəkistan da tamhüquqlu üzv kimi təşkilata qoşulub. Hazırda təşkilatın səkkiz üzvündən beşi tamhüquqlu üzvdür. Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti isə müşahidəçi üzv statusunda iştirak edir”.
Təşkilatın daha da möhkəmləndirilməsi üçün ikitərəfli münasibətlər böyük rol oynayır. Çünki bəzi məsələlər var ki, onlar təşkilat çərçivəsində deyil, məhz ikitərəfli platformalarda həll olunur. Parlamentlərarası münasibətlər də bu baxımdan geniş imkanlar yaradır. İstər parlament rəhbərlərinin görüşləri, istərsə də deputatlar arasındakı təmaslar əməkdaşlığın inkişafına xidmət edir.
Bu baxımdan düşünürəm ki, Türk Dövlətləri Təşkilatında inteqrasiyanın sürətləndirilməsi baxımından Azərbaycan Milli Məclisinin sədri Sahibə xanımın Qırğızıstan parlamentinin sədri ilə görüşü olduqca əhəmiyyətlidir.
Siyasi şərhçinin sözlərinə görə, Rusiya isə təbii olaraq bu cür yaxınlaşmaları diqqətlə izləyir və müəyyən narahatlıqla qarşılayır:
“Çünki türk dövlətləri arasında inteqrasiyanın güclənməsi regionda yeni siyasi və iqtisadi balansların formalaşmasına təsir göstərir. Müxtəlif ekspertlər Rusiyanın gələcəyi ilə bağlı fərqli proqnozlar səsləndirirlər. Bu kontekstdə Tatarıstan, Başqırdıstan, Yakutiya, Çuvaşıstan, Altay, Xakasiya və digər türk və türkdilli xalqların yaşadığı bölgələr də tez-tez müzakirə olunur. Türk Dövlətləri Təşkilatı gücləndikcə, türk xalqları arasında əməkdaşlıq və qarşılıqlı əlaqələr də daha da inkişaf edir. Təbii ki, bu proses regiondakı böyük dövlətlərin diqqətindən kənarda qalmır və müxtəlif reaksiyalar doğurur”.
Selcan Xudiyeva